Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Hazırda isə Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar 2025-ci ilin dövlət büdcəsinə düzəlişlər edilməsi gözlənilirmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili "Unikal"a açıqlamasında bildirib ki, neftin dünya bazarlarında qiyməti son 1 həftə ərzində təxminən 16% enərək bir barel üçün 61 dollara düşüb.
O bildirib ki, beynəlxalq analitiklərin proqnozlarına görə, əgər Tramp tarifləri azaldarsa, dünya iqtisadiyyatı resessiyadan yan keçərsə, o zaman neftin qiyməti 2025-ci ildə 62 dollara bərabər ola bilər:
"Əks halda 2025-ci ilin sonuna kimi neftin qiyməti bir barel üçün 50 dollara düşə bilər. 2025-ci ilin dövlət büdcəsi qəbul edilərkən hesablamalar neftin qiymətinin baza ssenari üçün 70 dollar səviyyəsində aparılıb. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən pressimist ssenari, yəni, neftin qiymətinin 60 dollara düşəcəyi halda bunun dövlət büdcəsinə və Dövlət Neft Fondunun büdcəsinə təsiri də təqdim edilib. Belə ki, qiymətin 60 dollara düşməsi dövlət büdcəsi gəlirlərini 340 milyon manat, Dövlət Neft Fondu gəlirlərini isə 2.1 milyard manat azalda bilər.
Göründüyü kimi, qiymətin 10 dollar düşməsinin dövlət büdcəsi gəlirlərinə azaldıcı təsiri cəmi 0.8%, Dövlət Neft Fondu büdcəsinin gəlirlərinə isə azaldıcı təsiri daha çox, 14.5% təsir edə bilər. Bu ilin 1-ci rübünün dövlət büdcəsinin icrası göstərir ki, hazırda dövlət büdcəsində 1.6 milyard manatlıq profisit var. Verilən proqnozlar əsasında hazırda dövlət büdcəsinin icrası ilə bağlı ciddi risklər görünmür. Azərbaycanın ciddi iqtisadi ehtiyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcək"
Anar Kəlbiyev