Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin dinamik inkişafındakı əvəzolunmaz rolunu, Müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə əsası qoyulan genişmiqyaslı islahatların ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində uğurla davam etdirildiyini detallı faktlarla diqqətə çatdırıb. Rektor İ.Mədətov öz çıxışında qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan bəhs edib.

Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışan ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru, Məhərrəm Zülfüqarlı fenomen şəxsiyyətin mükəmməl idarəetmə bacarığına malik olduğunu, xalqın və dövlətin problemlərinə xüsusi həssaslıqla yanaşdığını bildirib. Ulu Öndərin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs etməklə çıxışını davam etdirən professor bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Heydər Əliyev dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

Tədbirdə ATMU-nun Elmi məsələlər üzrə prorektoru, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva “Xalq öz dili ilə yaranır” adlı kitabından söz açıb. Dərs vəsaiti kimi istifadə edilən və Çin dilində nəşr olunan bu kitabda Ümummilli Liderin dəyərli ifadələri yer alıb. İ.Əliyeva həmçinin ulu öndərin həyat və yaradıcılığına həsr edilən və nəşrə tam hazır olan “Tarixi dəyişən şəxsiyyət” adlı kitabı haqqında da məlumat verib. Dərs vəsaiti kimi istifadə olunması nəzərdə tutulan bu nəşr də yaxın günlərdə oxuculara təqdim olunacaq.
Tədbirdə Ulu Öndərə həsr olunan videomateriallar nümayiş olunub.

Qeyd edək ki, universitetdə Kitabxana İnformasiya şöbəsi tərəfindən Ümummilli Liderə həsr olunmuş guşə yaradılıb. Həmin guşədə tələbələr Heydər Əliyevin həyat və yaraıcılığından, siyasi fəaliyyətindən bəhs edən nəşrlərlə yaxından tanış olmaq imkanı qazanıblar. 

Tədbirdən sonra Azərbaycan Turizm və Menevment Universitetinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra ATMU kollektivi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.