Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri – Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU), Boğaziçi Universiteti və Gebze Texniki Universiteti arasında elmi əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə tərəflər arasında mövcud əlaqələrin inkişafı, yeni əməkdaşlıq imkanlarının araşdırılması və gələcək ortaq təşəbbüslərin planlaşdırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Unikal" xəbər verir ki, görüşdə AzMİU-nu elm və innovasiya üzrə prorektoru professor Nigar Aslanova, beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzinin rəhbəri və rektorun müşaviri professor Azər Qasımzadə və müxtəlif kafedraların, şöbələrin rəhbər şəxsləri iştirak ediblər.
Türkiyə universitetlərini isə ODTU-dən professor Haluk Sucuoğlu və Ozan Cem Çelik, Boğaziçi Universitetindən professor Mustafa Erdik, Serdar Söyar, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun müdiri Nurcan Meral və institutun əməkdaşı Nurdan Apaydın, İstanbul Texniki Universitetindən Alpen İlki, Yıldız Texniki Universitetindən Barış Sevim, eləcə də Gebze Texniki Universitetindən Bülent Akbaş, Ahmet Anıl Dindar və Selçuk Toprak kimi tanınmış alim və mütəxəssislər görüşdə təmsil olunublar.
Görüş zamanı AzMİU ilə ODTU və İTU arasında artıq mövcud olan uğurlu əməkdaşlığın davam etdirilməsi vurğulanıb, Boğaziçi və Gebze Texniki Universitetləri ilə isə gələcəkdə ortaq əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi qeyd edilib.
Tərəflər aşağıdakı əməkdaşlıq istiqamətləri üzrə danışıqlar aparıblar:
• Birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi;
• Doktorantlara birgə elmi rəhbərlik və PhD proqramlarında qarşılıqlı münsiflik fəaliyyəti;
• Laboratoriya və tədqiqat infrastrukturunun qarşılıqlı istifadəsi;
• Beynəlxalq elmi jurnallarda birgə məqalələrin hazırlanması və dərc edilməsi;
• Birgə beynəlxalq konfransların təşkili və keçiriləcək tədbirlərdə ortaq iştirak;
• Ortaq elmi nəşrlərin və yayın layihələrinin həyata keçirilməsi;
• İnnovasiya və sənaye sahəsində əməkdaşlıq təşəbbüslərinin genişləndirilməsi.
Eyni zamanda qeyd edilib ki, sənaye ilə sıx əlaqələrə malik olan Orta Doğu Texnik Universiteti, Boğaziçi Universiteti, Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu, Gebze Texnik Universitetleri ilə əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə yaxın zamanda AzMİU-dan nümayəndə heyətinin sözügedən universitetlərə səfəri planlaşdırılıb.
AzMİU-nun rəhbərliyi bu cür əməkdaşlıqların ali təhsil sisteminin beynəlxalqlaşmasına, elmi potensialın artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.