2025-ci il mayın 10-da Rusiya Federasiyasının Volqoqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və birgə təşkilatçılığı ilə baş tutan bu tədbirlər Azərbaycan və Rusiya xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu bir daha nümayiş etdirib.
Tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Şamama Ağamuradova, Azərbacan əsilli, fəlsəfə elmləri doktoru, Volqoqrad Dövlət Aqrar Universitetinin professoru Riçard Danakari, Volqoqrad Dostluq Evinin Ağsaqqallar Şurasının sədri Arsen Çermenoviç Daurov, Kalmık icmasının rəhbəri Koşelyov Genadi Mixayloviç, Volqoqrad şəhəri Dağıstan xalqlarının milli-mədəni muxtariyyətinin “Dağıstan” adlı İctimai Təşkilatının sədri, Volqoqrad vilayəti qubernatorunun yanında Milli Siyasət üzrə Məsləhət Şurasının üzvü, Volqoqrad vilayətinin Millətlər və Kazakların işləri üzrə Komitəsi yanında İctimai Şuranın üzvü, Volqoqrad vilayətinin İctimai Palatasının üzvü Cəlilov Abdulvahab Məhəmmədnəbi oğlu Volqoqrad şəhərində yaşayan azərbaycanlılar, eləcə də müxtəlif millətlərin nüfuzlu ictimai xadimləri pilə yanaşı Volqoqrad şəhərinin ictimai fəalları iştirak ediblər.
Tədbirlər silsiləsi ənənəvi olaraq Volqoqrad-Bakı Dostluq Parkında keçirilən gülqoyma mərasimi ilə başlayıb. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə iştirakçılar Ulu Öndər Heydər Əliyevin barelyefi önünə ehtiramla toplaşıb, Qaradağ Rayon İcra Hakimiyyəti və azərbaycanlı icmasının adından iki əklil təqdim ediblər.
Çıxış edən rəsmi şəxslər və ictimai xadimlər dahi liderin zəngin və şərəfli həyat yolundan, Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan danışaraq vurğulayıblar ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Ümummilli Lideridir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub, iqtisadiyyatı və mədəniyyəti inkişaf edib, müstəqilliyi möhkəmlənib. Rusiya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində də məhz Heydər Əliyevin diplomatik məharəti və siyasi iradəsi xüsusi rol oynamışdır.
Tədbir iştirakçıları öz çıxışlarında Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onunla olan şəxsi görüşlərindən danışaraq bu dahi şəxsiyyətin insani keyfiyyətlərini, xalqına və vətəninə olan sonsuz sevgisini, yüksək intellektini və qətiyyətini xüsusi vurğulayıblar.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Səhnədə müxtəlif millətlərin nümayəndələri öz milli rəqslərini təqdim ediblər. “Rus-Azərbaycan əməkdaşlığı”nın gənclər lideri, Volqoqrad Dostluq Evinin Gənclər Qanadının fəalı və mədəni-kütləvi tədbirlərin təşkilatçısı, “Kiberlər” gənclər mediahərəkatının könüllüsü Fərəciyeva Türkan Əli qızının təqdimatında Azərbaycan xalqının zəngin mədəniyyətini əks etdirən vətənpərvər mahnılar xüsusilə böyük maraqla qarşılanıb. Konsertdə səslənən musiqilər Heydər Əliyevin irsini, xalqına olan bağlılığını, Azərbaycanın müstəqilliyi və inkişafı naminə gördüyü əvəzsiz işləri tərənnüm edib.
Konsert proqramından sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə tər qızılgül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmiş, xatirə şəkilləri çəkdirərək bu anı əbədiləşdirmişlər.
Konsert proqramından sonra tədbir iştirakçıları əvvəlcə Volqoqrad şəhərindəki Volqoqrad şəhəri Azərbaycan Milli‑Mədəni Muxtariyyətinin ofislərində “Heydər Əliyevin təhsil siyasətinin canlı nəticələri” adlı və Dağıstan xalqlarının milli‑mədəni muxtariyyətinin “Dağıstan” adlı İctimai Təşkilatının ofisində “Heydər Əliyev: Sülhün, tolerantlığın və multikultural dəyərlərin memarı” mövzusunda dəyirmi masalarda bir araya gəldilər.
Səmimi və mehriban dostluq mühitində davam edən görüşlər zamanı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi, xalqına və dövlətinə misilsiz xidmətləri barədə geniş fikir mübadiləsi aparıldı.
Volqoqrad şəhər administrasiyasının əhalinin mülki müdafiəsi üzrə komitəsinin sədri Nağıyev Xəzər Zəfər oğlu çıxış edərəl xüsusi vurğuladı ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün regionun lider dövlətinə çevrilmiş, dünya miqyasında nüfuzu artmışdır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi və hərbi qüdrətinin güclənməsi, ölkənin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi birbaşa Ümummilli Liderin yaratdığı siyasi məktəbin məntiqi davamıdır.
Volqoqrad vilayətinin Təbiət Ehtiyatları, Meşə Təsərrüfatı və Ekologiya Komitəsinin “Su Təsərrüfatı Tikintisi Direksiyası” dövlət büdcə müəssisəsinin direktor müavini Əhmədov Azad Əlixan oğlu qeyd etdi ki, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, müdrik və prinsipial siyasəti nəticəsində Azərbaycan 30 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq, 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbə qazanmışdır. 44 günlük Vətən müharibəsi zamanı əldə olunan şanlı Zəfər, Azərbaycanın tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Heydər Əliyev siyasətinin davamlılığının və Azərbaycan xalqının birliyinin bariz nümunəsi oldu. Azərbaycan bu qələbə ilə təkcə ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətini və tarixi ədaləti bərpa etdi.
Volqoqrad şəhəri Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Quliyev Saday İlyas oğlu vurğuladı ki, bu möhtəşəm Qələbə həm də dünya azərbaycanlılarının qürur mənbəyidir. Hər bir soydaşımız xaricdə Azərbaycanı təmsil edərkən, məhz bu tarixi Zəfəri xüsusi fəxrlə xatırlayır və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcəyə inamla addımladığına şahidlik edir.
Tədbirdə çıxış edən Volqoqrad şəhər Dumasının deputatı Həsənov İldırım Fərzixan oğlu həmçinin Azərbaycan diasporunun fəaliyyətinin əhəmiyyətindən bəhs edərək, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasında, dövlətçiliyimizin maraqlarının müdafiəsində və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev irsinin, onun müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının vacibliyini xüsusi qeyd etdi. Volqoqrad vilayəti “Rus-Azərbaycan əməkdaşlığı”nın rəhbəri Nəhmətov Bəhram Baba oğlu bildirdi ki, bu gün Volqoqradda və bütövlükdə Rusiyada azərbaycanlı icmasının ictimai-siyasi həyatda fəal iştirakı, uğurları və nüfuzu məhz Ümummilli Liderin vaxtilə əsasını qoyduğu güclü diaspor siyasətinin nəticəsidir.
Dostluq Evinin Gənclər Qanadının rəhbəri Rəcəb Əhmədov qeyd etdi ki, Heydər Əliyevin “Azərbaycançılıq” ideologiyası hər bir soydaşımız üçün milli birlik və həmrəylik platformasıdır. Onun müəyyənləşdirdiyi prinsiplər bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində xüsusi rol oynayır.
Sonda tədbir iştirakçıları belə möhtəşəm tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etdilər, onun ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində daim fəal olacaqlarını vurğuladılar. Qeyd olundu ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar hər bir azərbaycanlının ürəyində böyük qürur hissi doğurur.
Tədbirin sonunda çıxış edən Volqoqrad Dövlət Tibb Universitetinin azərbaycanlı əsilli tələbələrinin sədri gənc Zaur Məmmədov belə görüşlərin Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafına, mədəni və humanitar əməkdaşlığın dərinləşməsinə xidmət etdiyi, eyni zamanda dünya azərbaycanlılarının birlik və həmrəyliyini daha da gücləndirdiyi vurğulandı.
Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ideyalarını yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Ümummilli Liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri tədbir boyu səslənən əsas devizə çevrilib.
Bu silsilə tədbirlər bir daha sübut etdi ki, Heydər Əliyevin ideyaları yaşayır və dünya azərbaycanlılarının qəlbində daim əbədi olaraq qalacaq.