"Oleq Bakinski" kimi tanınan ukraynalı iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə istintaqın yekunlaşması elan edildikdən sonra çıxışlar mərhələsinə start verilib.
Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək cinayət işi uzrə təqsirləndirilən Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilmişdi. Ötən prosesdə isə o, ev dustaqlığına buraxılıb.
Seymur Əli