Azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən elə həmin gün – iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobildə daşınarkən ölüb.
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, iyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemoragik şok olub.