Bu ildən etibarən Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə ümumilikdə 7 ixtisas üzrə icra olunacaq ikili diplom proqramlarına tələbə qəbulu həyata keçiriləcək.
"Unikal" xəbər verir ki, proqramlardan biri tam dövlət təqaüdlü olmaqla “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən Koreya (Cənubi) Respublikasının nüfuzlu İNHA Universiteti ilə birgə icra olunur. Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti uzadılıb. Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq olunan beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılmaqla yanaşı, onların icrası 2030-cu ilədək təmin ediləcək.
BMU və İNHA Universiteti arasında 3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına qəbul prosesi bu ildən etibarən yenidən başlayır. BMU-İNHA ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılacaq. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu məqsədlə ayırdığı vəsait hesabına qarşılanır.
Bu ildən digər ikili diplom proqramı isə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə həyata keçiriləcək. Proqram Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisasları üzrə tətbiq olunacaq. İki ali təhsil müəssisəsi arasında bu il imzalanan, 2+2 modelinə əsaslanan proqrama müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini Çində davam etdirəcəklər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.
Əsas hədəfləri qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq yeni nəsil mütəxəssislər yetişdirmək, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini müasirləşdirmək olan ikili diplom proqramları, eyni zamanda tələbələrə beynəlxalq səviyyəli təhsilə çıxış, fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və laboratoriyalarla tanış olmaq imkanları qazandırır. Məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edən proqramlar digər ölkələrlə təhsil sahəsindəki əlaqələrə də mühüm töhfə verir.
Təhsillərinin sonunda tələbələr iki bakalavr diplomu əldə edirlər. İnkişaf etmiş təhsil sisteminə malik ölkələrlə ikili diplom proqramlarının dəstəklənməsi, xüsusilə, beynəlxalq reytinqlərdə yüksək mövqe tutan xarici ali təhsil müəssisələri ilə belə proqramların icrası istedadlı, yüksək intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri ilə seçilən perspektivli gənclərin inkişafına mühüm zəmin yaradır.