Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki,  bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.

***

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev modern.az-a açıqlamasında bildirib ki, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib.

Lakin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib.

"İlkin diaqnoza əsasən, həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildiriblər. Vəziyyəti sürətlə ağırlaşdı və komaya düşdü. Biz onu Türkiyədəki xəstəxanalardan birinə təxliyə etməli olduq", - deyə Füzuli Musayev qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, o, həmin vaxt Arif Məmmədovla eyni xəstəxanada olub, lakin hələlik ölümə səbəb olan konkret tibbi diaqnoz barədə dəqiq məlumat əldə olunmayıb.