Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna Tərəf Dövlətlər Assambleyasının Bürosu baş prokuror Kərim Xanın cinsi təcavüz iddiaları ilə bağlı intizam icraatının nəticəsinə qədər vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qərar dərhal qüvvəyə minib və tezliklə xüsusi iclas keçirməsi planlaşdırılan Beynəlxalq Cinayət Məhkəməsinin Üzv Dövlətlər Assambleyasına təqdim edilib. Qərar BMT Daxili Nəzarət Xidmətləri İdarəsi tərəfindən aparılan daxili araşdırmanın nəticələrinə, eləcə də ekspertlərin və proses iştirakçılarının materiallarına əsaslanır. Sənədlərin məzmunu açıqlanmır.
Daha əvvəl, 2025-ci ilin may ayında Kərim Xanın istintaq davam edənə qədər inzibati məzuniyyətə getdiyi bildirilmişdi. Ona qarşı ittihamlar 2024-cü ilin oktyabr ayında irəli sürülüb.
Xatırladaq ki, Kərim Xanın hakimiyyəti dövründə Beynəlxalq Cinayət Məhkəməsinin ən diqqətəlayiq qərarlarından bəziləri Rusiya Prezidenti Vladimir Putin, Prezident yanında Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belova, İsrail Baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbs orderləridir.
Beynəlxalq Cinayət Məhkəməsi Putin və Lvova-Belova üçün həbs qərarı 17 mart 2023-cü ildə verib. Məhkəmənin bəyanatında onların "Ukrayna ərazisindən uşaqların qanunsuz deportasiyası və Rusiyaya köçürülməsi" ilə əlaqəli olduğu iddia edilir. Rusiya hakimiyyəti məhkəmənin qərarını rədd edib.
Orderlərin verilməsindən sonra Rusiya İstintaq Komitəsi Kərim Xana və üç Beynəlxalq Cinayət Məhkəməsi hakiminə qarşı cinayət işi açıb.
2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalant üçün həbs orderləri verib. Məhkəmə bildirib ki, Netanyahu və Qalant 8 oktyabr 2023-cü ildən 20 may 2024-cü ilə qədər Qəzza zolağında törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır və buna dair əsaslı sübutlar var.
İsrail siyasətçiləri ilə bağlı qərardan sonra ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib. Sanksiyalar əmri ABŞ Prezidenti Donald Tramp tərəfindən 6 fevral 2025-ci ildə imzalanıb. Sənəddə Ağ Ev bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və İsrailə qarşı "qanunsuz və əsassız hərəkətlər" edib və Netanyahu və Qalant üçün həbs qərarı çıxarmaqla səlahiyyətlərindən sui-istifadə edib. Kərim Xanın adı əmrin əlavəsində xüsusi olaraq qeyd olunub.
Gülayə Mecid























































