"Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2025-ci ildə 37,7 milyard manat təhlillə əhatə edilib ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,2%-nə bərabər olub. Əhatə edilən aidiyyəti qurumlardan alınmış hesabatlardakı müvafiq icra göstəricilərinin dövlət büdcəsinin icrasına dair illik Hesabatda əks etdirilmiş göstəricilərlə uyğunluq təşkil etdiyi müəyyən edilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, dövlət büdcəsinin gəlirlərində sair daxilolmalar 547,0 mln. manat göstərilib: "Təhlillər bu mədaxil mənbəyinin tərkibi ilə də bağlı sualların olduğunu göstərir. Belə ki, bu daxilolmaların tərkibində vahid büdcə təsnifatına uyğun olmayan tədiyyə mövcuddur. Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 170-dən çox qurum (istiqamət) üzrə 33,3 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 86,3%-ni təşkil edir. Təhlillər (apardığımız üzləşdirmələr) bəzi hallarda kənarlaşmaların olduğunu göstərib. Hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank hesablarında qalmış xərc məbləğləri 600,0 milyon manatdan çoxdur. Qeyd edək ki, bu (yəni bank qalığının kassa icrasına aid edilməsi) “Büdcə sistemi haqqında” Qanunun “dövlət büdcəsinin kassa icrası” anlayışı ilə uyğunsuzluq yaradır. Eyni zamanda, bu məsələ büdcənin kassa icrası səviyyəsinə də təsir göstərməkdədir".
V.Gülməmmədov qeyd edib ki, ümumilikdə hesabat ilində icra edilməyən xərclərin məbləği 2,8 milyard manat təşkil edib: "Bu məbləğin təsnifatlar üzrə təhlilini aparmışıq. Təhlil göstərir ki, edilməyən xərclərdə inzibati təsnifat üzrə icra bölüşdürülməyən xərclərin, funksional təsnifat üzrə iqtisadi fəaliyyət bölməsinin, iqtisadi təsnifat üzrə qeyri-maliyyə aktivlərin payı üstünlük təşkil edir. Bu il ilk dəfə olaraq qurumlar tərəfindən təqdim edilmiş məlumatların müvafiq informasiya sistemi üzrə yığılmasını və emalını həyata keçirməyə çalışmışıq. Məlumatların təhlili göstərir ki, iqtisadi təsnifatın malların satınalınması və qeyri-maliyyə aktivləri bölməsinin tərkibinin 64 istiqamət (paraqraf, maddə) üzrə ümumilikdə 927 halda icra 0 olmuş, 1101 halda isə 50%-ə kimi olub.
2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə dövlət büdcəsinin gəlirləri daha yüksək icra edilib, qanun layihəsində nəzərdə tutulan mədaxil mənbələrinə münasibətdə proqnoz göstəricilər 10 mənbə üzrə artıqlaması ilə, 9 mənbə üzrə kəsirlə, 2 mənbə üzrə isə proqnozla eyni səviyyədə yerinə yetirilib".
Anar Kəlbiyev


































.jpeg)


















