Beynəlxalq alimlər qrupu sübut edib ki, indiyədək yalnız diabetli xəstələrdə xroniki böyrək xəstəliyinin (XBX) müalicəsi üçün təsdiqlənmiş finerenon preparatı əslində daha geniş pasiyent qrupu üçün də effektivdir.
"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri eyni vaxtda nüfuzlu “The Lancet” jurnalında dərc olunub.
Finerenon yeni nəsil mineralokortikoid reseptor blokerlərinə aiddir. Preparat böyrək toxumasında iltihabı və fibrozlaşmanı azaldır, eyni zamanda bu sinfə aid köhnə dərmanlarda müşahidə olunan hiperkaliemiya riskini yaratmır. Hazırda dünyada təxminən hər on nəfərdən biri - ümumilikdə 850 milyon insan xroniki böyrək xəstəliyindən əziyyət çəkir. ÜST-nin proqnozuna görə, 2040-cı ilə qədər bu xəstəlik dünyada vaxtından əvvəl ölümün beşinci əsas səbəbinə çevriləcək.
24 ölkədən diabeti olmayan 1584 xəstəsinin iştirakı ilə aparılan araşdırma göstərib ki, finerenon qəbul edənlərdə böyrək funksiyasının zəifləməsi daha yavaş gedib. Bundan əlavə, böyrək çatışmazlığı, ürək çatışmazlığı və ya ürək-damar xəstəliklərindən ölüm riski 23% azalıb.
Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə finerenonun diabetdən kənar hallarda da istifadəsinə icazə verilə bilər. Bu isə yüz milyonlarla pasiyenti əhatə edərək dünyanın əksər ölkələrində nefrologiya sahəsində yanaşmanı kökündən dəyişə bilər.
Araşdırmalar davam edir.

















































