Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib.
"Unikal" xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel səbəbindən yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində kəndə gedən əsas yol bağlanıb.
Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, aidiyyəti qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Laza kəndinə sakinlərin və nəqliyyat vasitələrinin gediş-gəlişi alternativ yol vasitəsilə təmin olunub.
Hazırda çay yatağında məcratənzimləmə işləri icra edilir, eyni zamanda, dağılan yolun bərpası üçün əraziyə ağır texnika cəlb olunub.



















































