Sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.
"Unikal" xəbər verir ki, zərərçəkən şagirdin valideyni hadisənin idman dərsi zamanı fiziki tərbiyə müəllimi tərəfindən törədildiyini iddia edir.
Zərərçəkən şagird C.M. bildirib ki, hadisə futbol oyunu zamanı baş verib. Onun sözlərinə görə, komandaları rəqib üzərində qələbə qazandıqdan sonra qarşı tərəfdən bir şagird ağlamağa başlayıb. Bu zaman yanında olan dostu həmin uşağa “ağla” dediyi üçün aralarında mübahisə yaranıb və qarşı tərəf söyüş söyüb.
Şagird iddia edir ki, müəllim söyüşü kimin söydüyünü soruşarkən günah onun üzərinə atılıb. C.M.-nin sözlərinə görə, daha sonra müəllim ona qarşı fiziki zorakılıq tətbiq edib:
“Su içməyə gedəndə müəllim başıma vurdu və suyu bağladı. Sonra qapının ağzında dayananda mənə şillə vurdu. Qaçmaq istəyəndə isə daha iki dəfə şillə vurdu. Dostlarımın arxasında gizləndim. Müəllim gəlib onları da itələdi. Mənə dedi ki, paltarlarını dəyişib get, evdə kiməsə nəsə desən, qiymətlərini aşağı salacağam”.
Hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, aparılan ilkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib.
Qurumun açıqlamasında qeyd olunub ki, bu səbəbdən müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Məlumata görə, polis bölməsində insidentdə adı hallanan müəllimin və valideynlərin iştirakı ilə şagirdin izahatı alınıb. Şagirdin aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma davam etdirilir.


































.jpg)



.jpg)


.jpg)















