Cəmiyyət yenə yeniyetmə bir qızın faciəvi ölümü fonunda günahkar axtarışındadır...

Məsələ ondan ibarətdir ki, 17 yaşlı Zəhra Mehdizadə iki gün öncə Bakı-Sumqayıt yolunda motosiklet qəzasında həlak olub. Bu, cəmiyyətin diqqətini təkcə yol-nəqliyyat hadisəsinə deyil, daha geniş sosial problemlərə yönəltdi. Hadisə ətrafında yaranan müzakirələr göstərir ki, söhbət sadəcə bir qəza faktından getmir. Burada hüquqi məsuliyyət, valideyn nəzarəti, sosial şəbəkələrin yeniyetmələrə təsiri və yol hərəkəti təhlükəsizliyi kimi bir neçə mühüm məsələ kəsişir.

Mərhumun atası, hüquqşünas və professor Fərhad Mehdiyev açıqlamalarında hadisənin əsas səbəbkarı kimi yolda nasaz vəziyyətdə dayanan avtomobilin sürücüsünü göstərib. Onun sözlərinə görə, həmin avtomobil hərəkət üçün təhlükəli vəziyyət yaradıb və qəzanın baş verməsində həlledici rol oynayıb.

Lakin ictimai müzakirələrdə diqqət çəkən məqam ondan ibarətdir ki, hadisənin bütün məsuliyyətini yalnız bir tərəfin üzərinə qoymaq mümkün görünmür.

Məlum faktlardan biri odur ki, Zəhra Mehdizadənin motosiklet idarə etmək üçün qanunvericiliklə tələb olunan sürücülük hüququ olmayıb. Bu isə onun nəqliyyat vasitəsini qanunsuz şəkildə idarə etdiyi anlamına gəlir.

Ağır qəzada həlak olan Zəhra bir neçə gün əvvəl də qəza edibmiş - -  Medianews.az

Azərbaycan qanunvericiliyinə görə, motosiklet idarə etmək üçün müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi tələb olunur. Sürücülük hüququ olmayan şəxsin motosiklet idarə etməsi həm öz həyatı, həm də digər hərəkət iştirakçıları üçün əlavə risk yaradır.

Bu məqam hadisənin hüquqi qiymətləndirilməsi zamanı nəzərə alınmalı əsas amillərdən biridir. Çünki sürücülük vəsiqəsi yalnız formal sənəd deyil. O, sürücünün yol hərəkəti qaydaları, təhlükəsizlik normaları və fövqəladə vəziyyətlərdə davranış bacarıqları üzrə müəyyən hazırlıq keçdiyini təsdiqləyir.

Fərhad Mehdiyevin etirafları isə yeni suallar yaradır. Onun hadisədən sonra verdiyi açıqlamalar ictimai müzakirələrin istiqamətini dəyişən məqamlardan biri oldu.

O bildirib ki, qızı son illərdə daha çox sosial şəbəkələrin təsiri altında olub, bloqerləri nümunə götürüb və atasının tövsiyələrini qəbul etməyib. Daha diqqətçəkən məqam isə onun son iki ildə qızının tərbiyəsi ilə faktiki olaraq məşğul olmadığını etiraf etməsidir. Belə çıxır ki, yeniyetmə qız 15 yaşından etibarən valideyn nəzarətindən kənarda qalıb...

“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi” - Fərhad Mehdiyev

Əlbəttə, yeniyetməlik dövrü valideynlə övlad arasında fikir ayrılıqlarının artdığı mərhələdir. Lakin hüquqi və mənəvi baxımdan valideyn məsuliyyəti uşağın yetkinlik yaşına çatdığı ana qədər davam edir. Valideynin övlad üzərində təsir imkanlarının azalması ilə valideyn məsuliyyətinin aradan qalxması eyni məna daşımır. Ailə qızının bundan əvvəllər də qəza törətdiyini, polisdən qaçdığını görüb və bunu bilirdi. Belə olan halda "niyə"lər artır...

Bu baxımdan ictimaiyyətin bir hissəsi hadisədə valideyn nəzarətinin zəifliyini də faciəyə gətirib çıxaran amillərdən biri hesab edir.

Digər tərəfdən, hadisədə iştirak edən avtomobil sürücüsünün mümkün məsuliyyəti də araşdırılmalıdır. Nasaz avtomobil hərəkət zolağında dayanmış vəziyyətdə olub. Əgər istintaq nəticəsində müəyyən edilərsə ki, sürücü avtomobili təhlükəsizlik qaydalarına uyğun şəkildə işarələməyib, qəza nişanı yerləşdirməyib və ya yol hərəkəti qaydalarını pozub, bu halda onun məsuliyyəti hüquqi qiymət almalıdır.

Burada mühüm prinsip ondan ibarətdir ki, bir tərəfin qayda pozuntusu digər tərəfin məsuliyyətini avtomatik olaraq aradan qaldırmır.

Yol-nəqliyyat hadisələrində çox zaman bir neçə səbəb eyni vaxtda mövcud olur və faciə məhz həmin səbəblərin üst-üstə düşməsi nəticəsində baş verir...

Fərhad Mehdiyev qızının bloqerləri və sosial media fenomenlərini hüquqşünaslardan daha uğurlu hesab etdiyini bildirib.

Bu, tək bir ailənin problemi deyil. Son illərdə sosial şəbəkələrdə nümayiş etdirilən sürətli uğur, bahalı həyat tərzi və riskli davranışların romantikləşdirilməsi bir çox yeniyetmələr üçün nümunəyə çevrilib.

Motosiklet sürmək, yüksək sürətlə hərəkət etmək və təhlükəli videolar paylaşmaq bəzi hallarda sosial status göstəricisi kimi təqdim olunur. Nəticədə təhlükəsizlik anlayışı ikinci plana keçir.

Baş vermiş hadisə göstərir ki, məsələni yalnız "günahkar sürücü" və ya "günahkar valideyn" yanaşması ilə izah etmək mümkün deyil.

Bir tərəfdən, yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradan sürücünün davranışı araşdırılmalıdır. Digər tərəfdən, sürücülük hüququ olmayan yeniyetmənin motosiklet idarə etməsi faktı da diqqətdən kənarda qala bilməz. Üçüncü tərəfdən isə valideyn nəzarətinin zəifləməsi, sosial şəbəkələrin təsiri və riskli davranışların normallaşması kimi problemlər hadisənin sosial fonunu təşkil edir.

Və ən əsası, günahkar axtaran kütlə elə əsas günahkarlardan biridir. Cəmiyyətdə sosial çürümə, blogerlərin məşhurlaşdırılması və pis vərdişlərin təbliğinin altında məhz onlar var. Günah kimdə olur olsun, bununla məşğul olan müvafiq orqanlar var. Və heç bir qayda pozuntusu cəzasız qalmır. Cəmiyyət deməzdim, amma böyük bir kütlə bu gün yeniyetmənin geyimini, həyat tərzini, ailəsini müzakirə predmetinə çevirib. Ortada isə ölüm var! Axı biz əvvəllər ölənin ardıyca danışmazdıq. Ən böyük günahkara belə rəhmət oxuyub keçərdik. Görünür, çoxu müzakirəni başqa şeylərlə qarışdırır. 

Nəticə etibarı ilə, daha bir yeniyetməni itirdik. 

Bu hadisə ailə institutunun, yol hərəkəti təhlükəsizliyinin və rəqəmsal dövrdə yeniyetmələrin tərbiyəsi məsələlərinin eyni nöqtədə kəsişdiyi faciəvi bir nümunədir.

İstintaq konkret hüquqi məsuliyyətləri müəyyən edəcək. Lakin artıq indidən görünür ki, bu hadisədən çıxarılmalı əsas nəticə məsuliyyətin yalnız bir tərəfin üzərinə yüklənməyəcəyidir. 

Faciəyə aparan yol çox vaxt bir səhvdən deyil, bir neçə səhvin eyni anda baş verməsindən keçir.

Ağarza Elçinoğlu