Şimaldan Azərbaycana qarşı yeni təhlükə
10:01 03-09-2014
CƏMİYYƏT
Şimaldan Azərbaycana qarşı yeni təhlükə
Mütəllim Rəhimli: "Baş verən hadisələr Azərbaycanın indiyədək apardığı balanslı adlanan siyasətin dəyişdirilməsini diqtə edə bilər"
NATO-nun genişləndirilməsi, raket əleyhinə müdafiə problemləri və Ukraynadakı vəziyyət Rusiyanı 2014-cü ilin sonunadək hərbi doktrinasını dəqiqləşdirməyə məcbur edir.
Rusiya Təhlüksizlik Şurası katibinin müavini Mixail Popov bu barədə məlumat verib: "Mən şübhə etmirəm ki, NATO-ya üzv ölkələrinin hərbi infrastrukturlarının ölkəmizin sərhədlərinə yaxınlaşması məsələsi, o cümlədən blokun genişləndirilməsi Rusiya Federasiyası üçün xarici hərbi təhlükələrdən biridir". Onun sözlərinə görə, ABŞ və NATO-ya üzv dövlətlərinin öz strateji hücum potensiallarını artırmaq cəhdləri getdikcə daha aydın görünməkdədir. "Xüsusilə də ABŞ Baltikyanı ölkələrdə NATO hərbi qruplaşmalarını daha da gücləndirir", - Popov bildirib. Təhlükəsizlik Şurası katibinin müavinin fikrincə, "rəngli inqilablar" siyasətinin növbəti mərhələsi olan Ukraynadakı durum da təhlükə ifadə edir. Popov Ukrayna barədə danışarkən qeyd edib ki, Krıma qarşı aqresiya bundan irəli gələn bütün sonuclarla birlikdə Rusiyaya qarşı aqressiya kimi qiymətləndiriləcək.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli deyib ki, Ukrayna ətrafında baş verən proseslər olduqca mürəkkəbdir və nəticələri gələcəyə hesablanıb. Onun sözlərinə görə, bu gün baş verənlər isə hadisələrin mahiyyətini ifadə etməyə bilər. Xüsusilə hansı qərarın xalqın mənafeyinə xidmət edəcəyini, hansının isə etməyəcəyini bəri başdan söyləmək çətindir: "Ona görə də Ukraynada baş verənlər haqqında danışarkən kifayət qədər ehtiyatlı olmaq lazımdır. Mən düşünmürəm ki, dünya sülh düzənində qarşısı alınmaz Rusiya təhlükəsi mövcuddur. Bu sadəcə olaraq ABŞ və Qərbin apardığı informasiya müharibəsi nəticəsində ictimai fikrə sırıdılmış yanlış təsəvvürlərdir. Gəlin müqayisə edək: ABŞ və Qərb ölkələri Əfqanıstan, Liviya, İraq, Misir, Suriya və s. çoxsaylı dövlətlərə bəyəm demokratiya, qayda-qanunmu gətirdilər. Yoxsa bu ölkələrin daxili nizamını darmadağın edərək vətəndaş müharibəsinəmi səbəb oldular. Bütün bunlar hazırda gözümüzün qabağında baş verən hadisələrdir. Bunun üçün tarix kitablarını oxumağa ehtiyac yoxdur. Görünən odur ki, bu ölkələrdə həyata keçirilən oyunlar ABŞ və Qərbin maraqlarını ifadə edir. Qeyd etdiyim ölkələrdə olduğu kimi Ukrayna hadisələrində Qərbin çoxşaxəli planlarının olduğunu düşünürəm. İlkin olaraq onlar bir-birinə yaxın olan iki slavyan xalqı arasında düşmənçilik toxumu səpməyə nail olublar. İnanmıram ki, Krımın itirilməsi, Ukraynanın Şərq bölgələrində baş verən separatizm hadisələri Qərbi həqiqətən də narahat etsin. Bu əvvəlcədən ssenarisi yazılan hadisələrin elementləridir və bunlardan yararlanmağa çalışırlar. Yəni hadisələrin qızışdırılmasında zəif nöqtələr müəyyənləşdirilərək, onun üzərində oyunlar qurulur".
M.Rəhimli onu da bildirib ki, Rusiyanın öz sərhədləri yaxınlığında ona yönələn təhdidlərə qarşı müdafiə tədbirləri görməsi təbiidir. Politoloq hesab edir ki, istənilən ölkə belə edərdi: "Məsələ bundadır ki, Qərbdə heç zaman gizlətmirlər ki, Rusiyanın dağılması və bir neçə kiçik ölkəyə çevrilməsi planı mövcuddur. Bununla bağlı Bzejinskinin də tədqiqatları mövcuddur. Orada konkret göstərilib ki, Rusiyanı dağıtmaq üçün nələri etmək lazımdır. Mən düşünmürəm ki, Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popovun fikirləri Rusiyanın yeni revanşa hazırlaşdığını göstərir. Sadəcə olaraq bununla Rusiya özünü müdafiə edəcəyini bəyan edib.
Azərbaycanın təhdid altında olmağına gəlincə, M.Rəhimli hesab edir ki, ölkə indi də təhdidlər altındadır. "Xüsusilə Dağlıq Qarabağın işğal edilməsi və onun azad olunması üçün beynəlxalq dəstəyin göstərilməməsi Respublikamız üçün daimi təhdidin mövcudluğunu sübut edir. Digər tərəfdən, hazırda dünyada iqtisadi maraqlar daha öndədir. Həm Qərbin, həm də Rusiyanın Azərbaycanda iqtisadi maraqları nəzərə alınır. Ölkəmizin xarici siyasətində bu nüanslara xüsusi fikir verildiyi görsənir. Məsələ bundadır ki, baş verən hadisələr Azərbaycanın indiyədək apardığı balanslı adlanan siyasətin dəyişdirilməsini diqtə edə bilər. Yəni ya Rusiya, ya da Qərb yalnız onun maraqlarının qorunmasını tələb edər. Hər iki tərəfin də ölkəmizdə ciddi təsir mexanizmlərinin olduğu müşahidə edilir. Hansı bir tərəfinsə ölkəmizi sıxışdırması hələ onun qələbə əldə etməsi demək deyil. Görünən odur ki, Azərbaycan hər iki tərəflə də əməkdaşlığa hazırdır. Hakimiyyət də çalışır ki, yaranan problemlə bağlı qərarı o yox, mübahisə edən tərəflər versin, yəni Qərblə Rusiya arasında bir razılaşma əldə olunsun. Ölkəmizin gələcəyi ilə bağlı narahatlıq olsa da, xüsusi əndişəyə ehtiyac yoxdur. Çünki biz itirə biləcəyimiz ərazilərimizi indiyədək itirmişik, var-dövlətimiz isə maksimum səviyyədə talan edilməkdədir. Ona görə də mən regionda baş verən hadisələr nəticəsində Azərbaycan dövlətinin və xalqının daha çox qazanacağını güman edirəm", müsahibimiz fikrini tamamlayıb.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30