Dövlət Baytarlıq Xidmətinə qarşı ittiham
10:04 03-09-2014
CƏMİYYƏT
Dövlət Baytarlıq Xidmətinə qarşı ittiham
Yerli baytarlıq idarələri üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilmirlər
Azərbaycanda heyvanlar arasında müxtəlif virusların yayılması ilə bağlı Dövlət Baytarlıq Xidmətinə qarşı da irad var. Belə ki, baş verənlərdə həm də Xidmətin yerli idarələri cavabdeh bilinir.
Məsələ burasındadır ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son günlər ölkənin Aran rayonlarında iri buynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virusuna qarşı respublikanın baytarlıq xidmətlərinin fəaliyyətini dəyərləndirib.
O bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərin geniş yayılması bu sahədə ciddi nöqsanların olmasından xəbər verir. Ekspert hesab edir ki, aidiyyatı orqanların bu sahəyə nəzarəti qaneedici deyil.
Ekspert qeyd edib ki, 2013-cü ildə heyvanlar arasında "Bünyavirus", bu il isə "Nodulyar dermatit" xəstəliyi yayılıb: "Eyni zamanda qarayara, vərəm, dabaq kimi xəstəliklər də yayılmaqdadı. Bu gün Azərbaycanda bir virusa yoluxan heyvan zəif olduğu üçün digər xəstəliklərə də tutula bilir".
Vahid Məhərrəmov problemlərin ortaya çıxmasını yerlərdə baytar həkimlərinin öz vəzifə borclarını düzgün yerinə yetirməmələrilə əlaqələndirir. Bu sahəyə məsul olan baytarlıq idarələrinin öz işlərini lazımi şəkildə görmədiyini deyən ekspertin sözlərinə görə, bir müddət əvvəl xəstəliyin İran və digər ölkələrdən yayıldığı iddia olundu: "Vaxtilə mətbuat bu barədə respublika baytar orqanlarının həkimlərinə müraciət edəndə onlar heç bir təhlükənin olmadığını dedilər. Məsələ ictimailəşdiriləndən sonra onlar da heyvanlar arasında yoluxucu xəstəliklərdən ölüm hallarının baş verməsini etiraf etməyə məcbur oldular".
Ekspert fermerlərin üzərinə də böyük məsuliyyətin düşdüyünü deyir. O, fermerləri ehtiyatlı olmağa çağırır. Vahid Məhərrəmov qeyd edib ki, fermerlər öz heyvanlarını qorumağa çalışmalıdırlar. Məhərrəmovun sözlərinə görə, xəstəliklərin qarşısının alınması üçün Dövlət Baytarlıq Xidməti bu və digər xəstəliklərlə bağlı məlumatları ictimaiyyətə operativ şəkildə çatdırmalıdır: "Məlumatlar gizlədilməməlidir. İstehlakçılar haqqında düşünmək lazımdır. Xəstə heyvanın ət və südündən istehlakçılar istifadə etməməlidirlər. Digər tərəfdən təsərrüfatlarda sağlam qalmış heyvanları qorumaq üçün bu dəqiq məlumatların ictimailəşdirilməsi çox vacibdi. Lakin məlumatlar ictimaiyyətdən gizlədilir, həm də lazımı tədbirlər görülmür. Bu kimi məlumatlar gizlədildikcə, məlumatsızlıq fermerlərimizdə arxayınlıq yaradır, xəstəliklər isə daha geniş yayılır. Bu da insanlarımızın və sağmal heyvanlarımızın xəstəliklərə yoluxmasını şərtləndirir. Aidiyyatı orqanlar məsələni diqqətdə saxlamalıdırlar".
Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətinə Şialə Rüstəmova rəhbərlik edir. Onun başçısı olduğu qurum haqqında son zamanlar tənqidi rəylər artıb. Hesab edilir ki, Xidmət, Azərbaycanda yoluxucu xəstəliklərə rastlanma hallarının daha da artdığı bir dövrdə öz fəaliyyətini daha çevik, operativ qurmağa məcburdur. Əksər ekspertlər təəssüflə bildirirlər ki, qurumun fəaliyyətində həmin çeviklik, operativlik hiss olunmur.
Xüsusilə Dövlət Baytarlıq Xidmətinin yerli idarələrinin fəaliyyəti ilə bağlı iradlar daha böyükdür. Xidmət rəhbərliyinin belə idarələrin işini müasir dövrün tələblərinə uyğun qurmasını təmin etməkdə çətinlik çəkdiyi özəlliklə vurğulanır.
Onu da deyək ki, Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti uzun müddətdir KİV-də tənqid edilir. Bir qədər əvvəl isə mətbuat yazdı ki, adıçəkilən qurumun 2013-cü il üzrə illik büdcəsi 18,4 milyon manat müəyyənləşib. Bundan başqa, 2005-2012-ci illərdə bu quruma 16,6 milyon manat dövlət investisiyası yatırılıb. Amma həmin pulların xərclənməsində şəffaflıq demək olar ki, yoxdur. Bu isə korrupsiya şübhələrinə yol açır.
Bunu ilin əvvəllərindəki bir rəsmi məlumat da təsdiqləyirdi. Həmin rəsmi məlumatda bildirilirdi ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Aparılmış araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əmək haqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat məbləğində hesablanmış əmək haqqını həmin kartlar vasitəsilə alaraq onlara külli miqdarda ziyan vurmaları və digər qanun pozuntuları müəyyənləşdirilərək, cinayət işi başlanıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34