Səfir: "İran prezidentinin Azərbaycana səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq"
10:06 03-09-2014
CƏMİYYƏT
Səfir: "İran prezidentinin Azərbaycana səfəri
münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq"
"Minsk Qrupu Qarabağ münaqişəsinin həllinə nail ola bilmir və biz bundan narahatıq"
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranla Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyətinə toxunaraq deyib ki, Azərbaycan və İran arasında münasibətlər həmişə yaxşı səviyyədə olub, xüsusən son zamanlar inkişaf etməkdədir.
Əlaqələrimizin yaxşılaşdığı bir vaxtda bizim dostluğumuza, qonşuluğumuza zərbə vurmaq istəyən üçüncü qüvvələr müxtəlif şayiələr uydurub ortaya atıblar. Həm bizim prezident cənab Ruhaninin, həm də Azərbaycan prezidenti cənab İlham Əliyevin fəaliyyəti ona yönəlib ki, ölkələr arasında heç bir narazılıq olmasın və əməkdaşlıq münasibətləri daim yaxşılaşsın. İki ölkə başçısı öz şəffaf mövqeləri ilə gündəmdə olan məsələlərə münasibətlərini bildirir və üçüncü tərəfə hər hansı narazılıq yaratmağa imkan vermirlər. Bir dəfə məlumat yayılmışdı ki, guya Azərbaycan İsrailin hərbi təyyarələrinin öz ərazisindən uçuşlar etməsinə icazə verib. Rəsmi Bakı təkzib etdi, Tehranda da bildirildi ki, bu barədə bizdə sübut yoxdur. Biz inanırıq ki, Azərbaycan və İran arasında dostluğun gücləndiyi zamanda şayiələri ciddi qəbul etmək düzgün deyil.
Hazırda Azərbaycanla münasibətlərimiz çox yüksək səviyyədə və artan templə inkişaf edir. Bu yaxınlarda Bakıda İran-Azərbaycan hökumətlərarası müştərək əməkdaşlıq komissiyasının iclası oldu. Müştərək komissiyanın yekununda əməkdaşlıq protokolu imzalandı və bu protokolda bir çox sahədə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən konkret addımlar qeyd olunub. Protokolun müddəalarının icrasına başlanılıb və bu ayın sonunda Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana, İranın gömrük naziri isə Azərbaycana səfər edəcək. Bu səfərlər zamanı əməkdaşlıq münasibətlərinin inkişafında yeni addımlar atılacaq. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxındır, gələn il bu rəqəm 1 milyarda qədər artacaq.Səfir həmçinin bildirib ki, İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri yaxın vaxtlarda baş tutacaq. Adətən səfərlərin dəqiq tarixi bir həftə əvvəl açıqlanır. Yaxın günlərdə səfərin tarixi və proqramı barədə ictimaiyyətə məlumat veriləcək. İnanıram ki, cənab Ruhaninin Azərbaycana səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq:" Azərbaycanla İranın coğrafi vəziyyəti elədir ki, bu iki ölkə öz təhlükəsizliyi naminə bir-biri ilə əməkdaşlıq etməlidir. Hər iki ölkə regiondakı təhlükəsizlik məsələsini diqqətlə izləyir və lazım olan zamanda müzakirələr aparılır. Azərbaycan hökuməti ilə çox məsələdə fikirlərimiz ortaqdır. Xüsusən terror və ekstremizmə qarşı mübarizədə Azərbaycanın götürdüyü xətti dəstəkləyirik və bu istiqamətdə əməkdaşlıq edirik, məsləhətləşmələr aparırıq. Həmçinin sərhəd xidmətlərinin möhkəmlənməsində, narkotik qaçaqmalçılığı və insan alverinin qarşısının alınmasında əməkdaşlıq edirik. Sərhədlərimizin qorunması bizim üçün çox önəmlidir, lakin biz Azərbaycanla sərhədlərə dostluq sərhədi kimi baxırıq. Hər iki ölkənin rəhbərliyi həm müdafiə, həm təhlükəsizlik, həm də ədliyyə məsələsində lazım gələndə ortaq dil tapa bilir. Düşünürəm ki, bu sahədə əməkdaşlığın artırılması üçün xeyli perspektivlər var və qarşılıqlı səfərlər nəticəsində real addımlar atılacaq. Regionun təhlükəsizliyi bizim üçün çox önəmlidir. Bu baxımdan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli də bizim üçün vacibdir. Biz çox istəyirik ki, bu münaqişə tezliklə öz həllini tapsın. Çox şadıq ki, münaqişə tərəfləri vaxtaşırı görüşürlər və münaqişəni sülh yolu ilə həll etmək istiqamətində danışıqlarda iştirak edirlər. Lakin bu proses ləng gedir. Biz bu münaqişənin uzanmasını regionun sabitliyinə zərərli hesab edirik. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr həyata keçiriləcək. Bizim ümidimiz bu idi ki, ATƏT-in Minsk Qrupu 20 ildən çox sürən münaqişənin həllinə nail olsun. Lakin görünən odur ki, Minsk Qrupu münaqişənin daha çox uzanmasında maraqlıdır. Münaqişənin həll olunmamasından narahatıq. Ümid edirik ki, BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələr bu istiqamətdə qəti mövqe göstərəcək və tezliklə Qarabağ problemi öz həllini tapacaq. Azərbaycanla İran arasında tarixi-mədəni bağlılıq bu sahələrdə əməkdaşlıq üçün böyük imkanlar tanıyır. Hazırda 500-dən çox İran vətəndaşı Azərbaycanda təhsil alır. Eyni zamanda 300-ə yaxın Azərbaycan vətəndaşı İran İslam Respublikasının ali təhsil müəssisələrində oxumaqdadır. Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq sazişi var. Vaxtaşırı qarşılıqlı səfərlər, mübadilə proqramları və konfranslar həyata keçirilir. Həmçinin Xəzər Universiteti ilə Tehran Universiteti arasında müqavilə mövcuddur".
Turan Əliyev
Digər Xəbərlər
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34