Media kapitanları bir araya gəldi
16:54 06-09-2014
CƏMİYYƏT
Media kapitanları bir araya gəldi
Əflatun Amaşov "Bu, bizi dünya çapında hədəfə çıxaran bir prosesdir"
Ölkənin aparıcı qəzetlərinin və media qurumlarının iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" adlı konfrans keçirilir.
Mətbuat Şurasının təşəbbüsü ilə baş tutan toplantıda bir çox qəzetlərin, informasiya agentliklərinin baş redaktorları, internet xəbər portallarının rəhbərləri iştirak edir.
İlk çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, konfrans informasiya təhlükəsizliyi məsələsinə həsr olunsa da, daha çox müharibə, hərbi əməliyyatlarla bağlı xəbərlərin işıqlandırılması probleminə yer ayrılacaq. Onun sözlərinə görə, konfransda məqsəd bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir.
Ə.Amaşov bir müddət əvvəl cəbhə xəttində başlanan hərbi əməliyyatlar zamanı doğru olmayan, dəqiqləşdirilməmiş xəbərlər yayan bir neçə mətbuat orqanının da adını açıqlayıb. O həmçinin qeyd edib ki, MŞ Müdafiə Nazirliyi ilə danışıqlar aparır və cəhbə xəttindən yazacaq jurnalistlər müəyyənləşdiriləcək. Həmin jurnalistlərin müharibə gedən sərhəd bölgələrinə yola düşməsi də planlaşdırılır: "Çalışacağıq ki, Azərbaycan mediası üzərinə düşən missiyanı layiqincə yerinə yetirsin".
Qeyd edək ki, tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məqamlara diqqət yetirilməsi, həmçinin ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə bildirib ki, müharibə xəbərlərini yazarkən tələskənliyə yol vermək olmaz: "Bu, yarışma deyil. Tutaq ki, tanklar harasa aparılır, hansısa postda vəziyyət gərgindir, bunu niyə dərhal yazırsan? Erməniyə xəbər verirsən? Niyə edirsən? Birinci xəbər vermək müharibə dövrü üçün qeyri-peşəkarlıqdır. Ən əvvəl dövlətimizin marağını düşünməliyik. Düşünmək lazımdır ki, bu informasiyadan qarşı tərəf necə istifadə edəcək. Naşılıqdan milli maraqlara zərbə vurmuş oluruq. Bu, vətənpərvərlik deyil".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə media qurumlarının məsuliyyət məsələsini qabardıb: "Mənbəsi göstərilməyən, mənbəyə söykənməyən xəbərlərin yayılmasının məsuliyyəti olmalıdır. Hansısa elektron sayt xəbəri tirajlayıbsa, digəri bu xəbərdən istifadə edirsə, buna görə də məsuliyyət olmalıdır. Buna da xüsusi diqqət yetirmək lazımdır. Vətən üçün zərbə vuran informasiyalara görə məsuliyyət olmaldıır. Elektron KİV sürətlə inkişaf etdiyindən, KİV haqqında qanuna yenə əlavə və dəyişikliklər olmalıdır, elektron medianın məsuliyyət sərhədi olmalıdır".
KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli də elektron mediadan narahatlığını bildirib: "Əksər kiçik saytları araşdıranda Amerikaya, İngiltərəyə gedib çıxır və məlum olmur ki, kimdir rəhbərliyi. O tanınmayan syatların tirajladığı xəbərlər də digər tanınan saytlarda verilir. Elektron KİV-lərin qeydiyyat məsələsinə baxılmalıdır. Həmin yalan məlumatları yayandan qeyri-peşəkarlar deyil, onlar peşəkardırlar və xəbərləri bilərəkdən yayırlar. Onlar Azərbaycan xalqının düşmənləridir".
Deputat Musa Qasımlı isə bildirib ki, mətbuat istənilən toplumu istənilən şəklə sala bilər. O, müharibə xəbərlərindən narahat olduğunu da vurğulayıb: "Hər iki ailədən birində uşaq əsgərlikdədir. Hərbi əməliyyatlar zamanı mətbuatda bir neçə əsgərin öldüyü açıqlanmışdı, ancaq adlar yox idi. Azərbaycan cəmiyyətini təlaşda saxlamaq məsuliyyətini üzərinizə götürürsünüz? Bu məsuliyyəti necə daşıya bilərsiniz? Mətbuatın azad olması hər şey demək deyil. Bu cür işlər dövlətin əsaslarının sarsıdılmasıdır".
APA Holdinq-in rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, KİV haqqında qanuna dəyişiklik etmək lazımdır: "Bu, mütləqdir. Agentliklərin qeydiyyatı bir az da sərtləşdirilməlidir".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, müzakirə olunan mövzu onu da narahat edir. Şayiə və dezinformasiya yazan mətbuat rəhbərləri öz məsuliyyətlərini dərk etməli və işlərinə yenidən baxmalıdır. Lakin bu prosesdə hər şeyi mətbuatın, saytların üzərinə yükləmək doğru deyil. Dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri də məsuliyyət daşıyırlar. Onlar informasiya boşluğu buraxırlar, ona görə də konkret situasiyalarda o boşluğu şayiələr və dezinformasiyalar doldurur. 3 günlük müharibə dövründə baş verənlər bir test idi. Biz imkan qazandıq, öyrəndik ki, informasiya potensialımız necədir, fövqəladə vəziyyətdə necə işləyə bilərik? İndi bu nəticələrdən çıxış edib, gələcəkdə bu neqativlərin təkrar olmaması üçün çalışmalıyıq. Həmçinin baş redaktor cəza çağırışlarıın əleyhinə olduğunu vurğulayıb: "Bu, bizi dünya çapında hədəfə çıxaran bir prosesdir". R.Arifoğlu operativliyi təmin etmək və dezinformasiyaların qarşısını ala biləcək komissiyanın, Mətbuat Şurası nəzdində informasiya mərkəzinin qurulmasını da təklif edib.
Azər Həsrət isə bildirib ki, dünya təcrübəsinə əsaslanıb bu prosesi idarə etmək, tənzimləmək olar.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Rasim Əliquliyev isə bildirib ki, dünyada cəmiyyətin informasiya ilə təminatında vahid forma yoxdur. O, milli informasiya təhlükəsizliyi üzrə dövlət proqramının qəbul edilməsinin vacibliyini vurğulayıb.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22