Əbülfəs Qarayevin keçmiş işçisinin ittihamları
12:24 17-09-2014
CƏMİYYƏT
Əbülfəs Qarayevin keçmiş işçisinin ittihamları
Göygöl Mədəniyyət və Turizm Şöbəsində nələr baş verib?
Göygöl Mədəniyyət və Turizm Şöbəsinin sabiq işçisi Şahin Məmmədov məsləhətçi vəzifəsində çalışdığı bu idarədə yeyintiyə etiraz etdiyinə görə işdən çıxarıldığını iddia edir. O, bu barədə "Azadlıq" radiosunun "Qaynar xətt"inə şikayət edib.
Şahin Məmmədovun deməsinə görə, 2011-ci ildən idarədə işlədiyi müddət ərzində barəsində bircə dəfə də inzibati tənbeh tədbiri tətbiq olunmayıb. Deyir, şöbə müdiri Şərqiyyə Hümbətovanın fəaliyyəti ilə bağlı yuxarı dövlət orqanlarına şikayətlər yazdığına və şöbədəki yeyinti hallarının araşdırılmasını tələb etdiyinə görə əsassız ittihamlarla işdən azad edilib: "2013-cü ilin iyun ayında mən məzuniyyətdə olduğum müddətdə Şərqiyə xanım qanvermə aksiyasına çağırdı. Aksiyadan sonra hansısa sənədləri imzalamaq üçün otağına dəvət etdi. Sənədi alıb baxanda gördüm ki, invertarların alqı-satqı qiymətləri yazılıb. Sənəddəki qiymətlər real qiymətlərə nisbətən bir neçə dəfə şişirdilmişdi. Məsələn, orda yazılırdı ki, Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrin pərdələrinin, xalçalarının yuyulması, elektrik naqillərinin dəyişdirilməsi... Mən 3 il orda işlədim, bir dəfə xalça, pərdə yuyulmasının, naqil dəyişdirilməsinin şahidi olmadım. Evdə işlətdiyim kompüterdən alıblar, qiyməti 400-500 manatdan çox deyil. Ancaq həmin kompüterin qiymətini aktda 1380 manat qeyd etmişdilər. Mən etiraz edəndə dedi, özüm də imza atıram, məsuliyyəti də öz üstümdədir. İmzalamaqdan imtina etdim".
Şahin Məmmədovun sözlərinə görə, bu hadisədən sonra şöbə rəisi ilə arasında narazalıq yaranıb: "Məzuniyyətdən qayıdandan sonra mənə münasibəti dəyişdi. Qulluq funksiyalarımla bağlı heç bir tapşırıq almırdım. Eləcə, otağımda oturub iş vaxtımın bitməsini gözləyirdim. Mən bu barədə Şərqiyyə xanıma bildirəndə dedi ki, bir akta ki, imza atmadın, sənin işin mənə lazım deyil".
Şahin Məmmədov Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib: "Şərqiyyə xanım məndən xahiş elədi ki, Nazirliyə çağırılsam izahat verim ki, ondan şikayət yazarkən əsəbi olmuşam. Dedim, elə şey yoxdur, əsəblərim qaydasındadır, nə yazdığımın fərqindəyəm, başımla da cavabdehəm. Az sonra məni Nazirliyə çağırdılar. Dedilər, sənin şikayətlərin əsassızdır. Nə olsun ki, dəftərxana ləvazimatlarının və yazdığın başqa şeylərin qiymətləri 3-4 dəfə şişirdilib. Dövlər Agentliyi tərəfindən Satınalmalar haqqında təsdiqlənmiş qiymətlərdir. Dedim, satınalmalar haqqında qanunda yazılıb ki, bu, dövlət büdcəsindən ayırlan vəsaitlərin qənaətlə istifadə olunmasını təmin edən bir qanundur".
Şahin Məmmədovun deməsinə görə, Nazirlik tərəfindən rayon şöbəsinə yoxlama göndərilsə də, sadaladığı yeyintilər ört-basdır edilib. Əvəzində isə özü işdən qovulub və məhkəməyə verilib.
Göygöl Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova isə keçmiş işçinin dedikləri ilə razılaşmayıb. O, bildirib ki, Şahin Məmmədov dəfələrlə belə şikayətlər yazıb. Hər dəfə araşdırılanda təsdiqini tapmayıb: "Bizim bütün fəaliyyətimiz maliyyə idarəsi tərəfindən hər il yoxlanır. Əgər Şahin Məmədovun yazdıqları həqiqət olsaydı, çoxdan aşkarlanardı. Onun yazdıqları şər və böhtandır".
Şöbə rəisi bildirib ki, Şahin Məmmədovu buna görə məhkəməyə verib.
Şahin Məmmədov da işə bərpa olunmaq üçün məhkəməyə müraciət edib. Şöbədəki maliyyə maxinasiyalarına görə isə müvafiq dövlət qurumlarına təkrar müraciət edib.
Esmira Cavadova
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30