Qüdrət Həsənquliyev: "Hökumətin narahatlığını başa düşürəm"
11:40 18-09-2014
CƏMİYYƏT
Qüdrət Həsənquliyev: "Hökumətin narahatlığını başa düşürəm"
BAXCP sədri deyir ki, Dağlıq Qarabağ, Azərbaycan ərazi bütövlüyü naminə
müstəqilliyimizdən imtina etməmək şərti ilə Rusiyanın liderliyi ilə yaranan Gömrük İttifaqına,
Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik(apa).
- Azərbaycanın Gömrük İttifaqına daxil olması ilə bağlı fikirləriniz bəzi dairələr tərəfindən mövqeyinizi dəyişməniz kimi şərh edilib. Bu yanaşmanı nə dərəcədə əsaslı sayırsınız?
- Mən bununla bağlı dünən "Bizim yol" qəzetinə müsahibə vermişdim. Çox təəssüf ki, bu gün müsahibədəki fikirlərim "Azadlıq" qəzetində kontekstdən çıxarılaraq verilib. Elə təqdim olunub ki, guya mənim bununla bağlı fikirlərimdə hansısa dəyişikliklər baş verib. Bu, qətiyyən belə deyil. Yenə də söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan Qərb bu məsələdə ədalətsiz mövqe tutub. Bunu da onunla əsaslandırmışam ki, Avropa Birliyinin aparıcı dövləti olan Fransada və ABŞ-da güclü erməni lobbiləri var. Bu iki dövlət həm də Dağlıq Qarabağ münaqişəsini tənzimləməli olan ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bu ölkələrdə neçə prezidentlər dəyişsə də, partiyalar hakimiyyətdə bir-birini əvəz etsələr də, siyasətləri dəyişməyib. Çünki istənilən siyasətçi Azərbaycana görə erməni lobbisi ilə münasibətlərini korlamaq istəmir. Qərbdə bu məsələ ilə bağlı həm də xristian həmrəyliyi var. Ona görə də Qərbdən ədalətli mövqe gözləməyə dəyməz. Burada iki yol var. Azərbaycan üçün yolun biri ondan ibarətdir ki, bütün ölkə müharibəyə hazırlaşır, iqtisadiyyat hərbi rels üzərinə keçirilir. Ermənistanda da hər kəs başa düşür ki, müharibə başlayacağı, hətta bu zaman Rusiyanın onlara kömək edəcəyi halda belə Ermənistanda daş daş üstündə qalmayacaq, biz ölüm-dirim savaşına başlayacağıq. Bu da çox riskli, az ehtimal olunan olduğu üçün ikinci variant Rusiya ilə dil tapmaqdır. Hesab edirəm ki, bizim torpaqlarımızı işğal edən və işğal altında qalmasında birbaşa rol oynayan ölkə kimi Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiya Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutarsa, Dağlıq Qarabağ, Azərbaycan ərazi bütövlüyü naminə müstəqilliyimizdən imtina etməmək şərti ilə Rusiyanın liderliyi ilə yaranan Gömrük İttifaqına, Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər. Hətta mən söyləmişdim ki, Azərbaycanın özünün enerji siyasətini Rusiya ilə razılaşdıra bilər. Hətta Rusiyanın Azərbaycanda Qəbələ RLS tipli hərbi bazasının olmasını da mümkün sayıram. Çünki Qəbələdə baza var idi, bu, bizim müstəqilliyimizi hansı formada təhdid edirdi? Azərbaycan 1994-1999-cu illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olub. Bu, bizim müstəqilliyimizi hansı ciddi formada təhdid edib? Ona görə də Qarabağ naminə bu gün də o fikirdəyəm ki, Azərbaycan bu qurumlara, strukturlara üzv ola bilər, təki razılığa gələrək Rusiyanın bitərəfliyini təmin edək. Belə olacağı təqdirdə müharibəyə, hərbə böyük xərclər çəkməyə də ehtiyac olmayacaq, hətta bu variantda Ermənistanla məsələni sülh yolu ilə həll edə biləcəyik. Yenə də o fikrimdə qalıram. Müsahibəmdə də söyləmişdim ki, Azərbaycan Rusiya ilə bu istiqamətdə danışıqlar aparmalıdır. Bu danışıqlar barədə də ictimaiyyəti məlumatlandırmalıdır ki, Rusiya Qarabağ üçün bizdən nə istəyir. Bəlkə doğurdan da Rusiya elə şərtlər irəli sürür ki, biz heç cür onu qəbul edə bilmirik?! Tutaq ki, Rusiya deyir ki, Azərbaycan Rusiya Federasiyasının bir subyekti olsun? Amma Rusiya nə istəyir, nəsə istəyirmi, yaxud heç nə istəmir, münaqişəni qoruyub saxlamaq istəyir, bu barədə də açıq demək lazımdır. Amma hər halda cəmiyyətin bir hissəsində fikir var ki, Rusiya bu istiqamətdə danışmaq olar, bu baxımdan məsələlərə aydınlıq gətirmək lazımdır. Mən də bunu söyləmişəm.
- Siz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Komitənin dünənki iclasında qanunvericiliyə bir sıra dəyişikliklər müzakirə olunub. Məsələn, dəyişikliklərdən biri bir şəxsin bir il ərzində partiyalara 10 min manatdan artıq ianə bağışlamasının qadağan edilməsi ilə bağlıdır. Bu dəyişikliyə münasibətiniz necədir?
- Hesab edirəm ki, partiyaların ayrı-ayrı maliyyə qurumlarından asılılığını aradan qaldırmaq üçün bu, doğru yanaşmadır. Mən əvvəllər də söyləmişdim ki, siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Bu gün bu maliyyələşmə Azərbaycanda həyata keçirilir, amma çox təəssüf ki, maliyyə həddindən artıq simvolik xarakter daşıyır. Bununla da normal partiya quruculuğu mümkün deyil. Üzvlük haqları yolu ilə partiyaların maliyyələşməsini təmin etmək də mövcud reallıqlarda çox çətin görünür. Çünki hakim partiyanı çıxmaq şərti ilə, həm partiyaların üzvlərinin sayı kifayət qədər deyil ki, onların ödədiyi üzvlük haqqı ilə partiyanı saxlamaq mümkün olsun. Bu baxımdan da düşünürəm ki, dövlət partiyaları maliyyələşdirməni artırmalıdır. Əgər partiya hanısa bir nəfər, bir holdinq, bir maliyyə qurumu, bir hüquqi, yaxud fiziki şəxs tərəfindən maliyyələşdirilirsə, həmin partiya hakimiyyətə gəldiyi təqdirdə onu maliyyələşdirən maliyyə qurumunun, yaxud maliyyə qrupunun maraqlarının lobbiçisinə çevrilməkdən başqa yolu qalmır. Ölkənin iqtisadi maraqları bundan ziyan çəkə, məsələn, büdcə gəlirləri azala bilər. Ona görə də 10 min manat ianə ilə bağlı məhdudiyyəti dəstəkləyirəm.
- Komitənin iclasında xarici QHT-lərlə bağlı bir sıra tələbləri nəzərdə tutan dəyişikliklər də müzakirə edilərək parlamentə tövsiyə olundu. Bu dəyişiklikləri və son zamanlar QHT sektorunda baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Çox təəssüf ki, bəzi xarici dövlətlər hansısa dövlətlərin daxilinə bu QHT-lər vasitəsi ilə müdaxilə edirlər. Regionumuzda, İslam dünyasında baş verən proseslərə baxsaq, bu gün İraq, Misir, Liviya, Suriya Qana boyanıb. Bu ölkələrdə vəziyyətin tənzimlənməsi üçün daha neçə illərin tələb olunacağı da bəlli deyil. Hələ nə qədər bu iğtişaşlar, qarşıdurmalar insan həyatına son qoyacaq, bəlkə bundan sonra neçə yüz minlərlə insanın faciəsinə yol açacaq, o da bəlli deyil. Hər bir dövlətin, xalqın inkişaf səviyyəsi var. Azərbaycan dövlətinin, cəmiyyətin, siyasi partiyaların da borcu odur ki, bu çətin, bəziləri Roma Papası kimi yaranmış vəziyyəti Üçüncü Dünya Müharibəsinin başlanması kimi də qiymətləndirdiyi dövrdə ölkədəki sabitliyi qorusun. Ona görə də hökumətin narahatlığını başa düşürəm. Cəmiyyətimiz də bu narahatlıqları görür. Görürsünüz ki, cəmiyyətimiz də qanunvericiliyə dəyişiklikləri, hətta xaricdən maliyyələşən ayrı-ayrı QHT rəhbərlərinin həbslərini də çox normal qəbul edir. Bu baxımdan düşünürəm ki, hökumətin narahatlığı bundan qaynaqlanır. Ancaq mən düşünürəm ki, ölkədəki bu dəyişikliklər ona yol açmamalıdır ki, mülki cəmiyyəti quruculuğu prosesi bundan ziyan görsün. Azərbaycanda QHT sektoru inkişaf etməli, genişlənməlidir, QHT-lərin cəmiyyətdə nüfuzu artmalı, daha çox insan bura cəlb olunmalıdır.
- Partiya sədri kimi bir məsələyə münasibətiniz də maraqlıdır. Müsavat Partiyasında başqan seçkiləri gözlənilir. Sizin Müsavat Partiyasında başqan seçkiləri ilə bağlı gözləntiləriniz nədir?
- Təəssüf ki, bəzi mətbuat orqanları və siyasətçilər bu məsələyə dəyərindən artıq diqqət göstərməklə Müsavat Partiyasının piarı ilə məşğul olurlar. Amma hətta bu piarla məşğul olsalar da belə, bu partiyanın geniş xalq kütlələrinin dəstəyini qazanacağı az ehtimal olunur. Müsavat Partiyası İsa Qəmbərin liderliyi ilə yaranmış bir partiyadır və başqanlığa namizədlərin də heç biri bu gün partiyada İsa Qəmbərin malik olduğu reytinqə malik deyil. Müsavat Partiyasında iki nəfərin başqan seçilmək imkanları var. Söhbət maksimum 2-3 min nəfərdən ibarət partiyanın özünə sədr seçməsindən gedir. Ölkədəki siyasi mədəniyyəti, partiyaların öz daxilindəki siyasi inkişaf səviyyəsini nəzərə alsaq, deyə bilərik ki, çox böyük ehtimalla başqan seçkilərindən sonra Müsavat Partiyasında itkilər də olacaq. Partiyanın yeni liderinin nüfuzu da İsa Qəmbərin nüfuzundan artıq olmadığına görə lider ətrafında yaranan partiya kimi Müsavat Partiyasının reytinqi indikindən də aşağı səviyyəyə düşəcək. Kim Müsavat Partiyasına yeni başqan seçiləcəksə, iqtidarla sıx əməkdaşlıqda olacaq.
- Həmin iki nəfərdən hansının seçilməsindən asılı olmayaraq?
- İqtidar heç vaxt bir kartla oynamır.
Ramiz Mikayıloğlu
Digər Xəbərlər
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50