Ziya Məmmədov "yeraltı səltənət"in sahibinə də "kart" göstərmək istəyir
13:42 19-09-2014
CƏMİYYƏT
Ziya Məmmədov "yeraltı səltənət"in sahibinə də "kart" göstərmək istəyir
Vahid nəqliyyat kartlarının tətbiqi Nəqliyyat Nazirliyi ilə Bakı Metropolitenin rəhbərliyini üz-üzə qoydu
Hələ ötən ilin sonlarından müzakirəsinə start verilən nəqliyyatda vahid gediş kartlarının tətbiqi hələ də reallaşmayıb. Düzdür, paytaxtdakı bir sıra marşrutlarda nəqliyyat kartlarının tətbiqinə start verilib. Amma nəqliyyat kartlarının tətbiqindən ötən müddət ərzində baş verənlər nə sürücülərin, nə sahibkarların, nə də sərnişinlərin yeni qaydalardan razı qalmadığı aşkarlanıb. Bu isə Nəqliyat Nazirliyinin 2015-ci ilin yanvarından bütün avtobuslarda tətbiq olunacağını vəd etdiyi nəqliyyat kartları ilə bağlı narazılıqların artacağından xəbər verməkdədir.
Verifikatorlu avtobuslarda nağd pul tələb olunur...
Həm kartla, həm də nağd pulla işləyən avtobuslarda narazılıqlar bitmir. Belə ki, kart sahibi olanlar avtobus salonuna daxil olarkən gediş haqqını kartla ödəyir. Avtobusdan endikdən sonra isə gediş haqqının ödənilməsi problemi ortaya çıxır. Elə buna görə də sərnişinlərin çoxu kart almadan pulla gediş haqqı ödəməyə üstünlük verirlər. Maraqlı haldır ki, sərnişinlər qədər sürücülər də kart sisteminə elə də maraq göstərmirlər. Məsələn, verifikatorlu avtobuslarda verifikator işlək vəziyyətdə ola-ola sürücü sərnişindən pulu qəpik formasında tələb edir. Kartın isə hələ ki, keçərli olmadığını bildirir.
İritutumlu avtobuslarda olan verifikatorlar isə xüsusən iş saatlarında narazılıq yaradır. Sərnişinlər qabaq qapı ilə arxa qapı arasında seçim etmək məcburiyyətində qalırlar. Təsəvvür edin, avtobus "Elmlər Akademiyası"ndan "Həzi Aslanov" metrostansiyasına qədər gedir. Buradan başlasan "Həzi Aslanov"a 2 saat yarıma çatmaq olur. İş saatlarında avtobusda ayaq qoymağa yer olmur və hər 3 qapı da açılır. Minən düşənə qarışır. İndi sərnişin gərək arxa qapı tərəfdədirsə oradan düşsün gəlib qabaq qapıdan da 5 nəfəri düşürtsün ki, kartla ödəniş edəcəyəm? Qabaq qapıdan minib arxa qapıdan düşmək mədəniyyəti isə bizdə ümumiyyətlə, yoxdur.
Nəqliyyat Nazirliyi
isə geri çəkilməyəcəyini bəyan edib
Bakıda sərnişin avotbuslarında gediş haqqları gələn ildən yalnız kartla ödəniləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, artıq on mindən çox kart satılıb. "Artıq gediş haqqların kartla ödənilməsi mexanizminə maraq artıb. Bu sahədə yaranan problemlər bu ilin sonuna qədər tam həll olunacaq", - deyə Namiq Həsənov bildirib. Nazirlik rəsmisi bəzi avtobuslarda quraşdırılan validatorların qırılması və çıxarılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu əməllər qanunaziddir. Buna görə, həmin avtobus xəttinə nəzarət edən sahibkar məsuliyyət daşıyır. Sahibkar hər bir xarab olan validatora görə ciddi şəkildə cəzalanacaq. Bakı nəqliyyatında vahid ödəmə kartlarının tətbiq olunmasına münasibət bildirən Namiq Həsənov bu məsələnin də həll olunacağını deyib. Verilən son açıqlamalardan da göründüyü kimi, Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etmək niyyətindədir. Bu barədə bir neçə gün bundan öncə jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər.
Bakı Metropoliteni ilə
NN üz-üzə...
Nəqliyyat kartlarının eyni zamanda metroda keçərli olacağı haqda verilən açıqlamalar isə Bakı Metropoliteni rəhbərliyi ilə Nəqliyyat Nazirliyi rəsmilərini üz-üzə qoyub. Məlumat üçün bildirək ki, nəqliyyat kartları həm də metroda keçərli olacaqsa bu Bakı Metropoliteninə ciddi maliyyə zərbəsi olacaq. Çünki hazırda metrodakı ödəmələr birbaşa Metropoliten rəhbərliyinin nəzarəti altında həyata keçirilir, onlar daxil olan maliyyəyə də özləri sərəncam verir. Amma vahid nəqliyyat kartlarının tətbiqi onların əlindən bu səlahiyyətin faktiki olaraq alınması anlamına gələ bilər. Elə bu səbəbdən də Bakı Metropoliteninin rəhbərliyi Nəqliyyat Nazirliyinin sözügedən təklifinin reallaşmaması üçün bütün imkanlardan istifadə edir. Amma buna baxmayaraq Nəqliyyat Nazirliyi illərdən bəri reallaşdırmağa çalışdığı gəlirli layihədən vaz keçmək niyyətində deyil. Bu baxımdan aşağıdakı açıqlamaya nəzər salaq. Nəqliyyat nazirinin müavini Musa Pənahov mövzuyla bağlı bunları bildirib: "Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir".
M.Pənahov qeyd edib ki, hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər.
Sonda xatırladaq ki, nəqliyyat kartlarının qiyməti 3 manatdır. Bunun 2 manatı sığorta depozitidir, 1 manatı isə balansa yüklənilir.
Orxan
Digər Xəbərlər
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07