Ünvanlı sosial yardımın müddəti uzadılsınmı?
11:34 20-09-2014
CƏMİYYƏT
Ünvanlı sosial yardımın müddəti uzadılsınmı?
Ekspertlər fərqli düşünür
Ünvanlı sosial yardımın verilməsi müddəti bir ildən iki ilə qaldırıla bilər. Qeyd edək ki, bununla bağlı iki gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib. Onun sözlərinə görə, müddəti qaldırmaq lazımdır. Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın (ÜSY) təyin olunması və ödənilməsi ilə bağlı araşdırmalarını yekunlaşdırmaq üzrədir (azadinform.az).
S.Müslümovun fikrincə, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi müddətini 1 ildən 2 ilə qaldırmağa ehtiyac var: "Çünki təhlillər göstərir ki, hazırda bazadakı informasiyalara görə, ünvanlı sosial yardım alan ailələrin təqribən 90 faizini eyni ailələr təşkil edir. Onların hər il sənədləri yenidən yığıb gətirməsinə elə bir ehtiyac yoxdur. Bunu 2 il müddətinə qaldırmaq lazımdır. Biz artıq bununla bağlı təkliflərimizi vermişik. Yəqin ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olacaq".
Nazir həmçinin bildirib ki, ünvanlı sosial yardımın təyin edilməsinin avtomatlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir: "Bununla bağlı nazirliyin böyük nümayəndə heyəti bu yaxınlarda Türkiyə Respublikasında səfərdə olaraq onların təcrübəsini öyrənəcək. Türkiyədə bu proseslər avtomatlaşdırılıb. Yəni ehtiyacı olan ailələrə ünvanlı sosial yardım yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib elektron şəkildə ərizə ilə müraciət etməklə həyata keçirilir. Biz də bu istiqamətdə səylərimizi davam etdiririk. Eyni zamanda, müxtəlif ölkələrin təcrübəsini öyrənirik".
Qeyd edək ki, ünvanlı sosial yardım proqramının tətbiqinə başlananda, bu müddət 6 ay nəzərdə tutulmuşdu. Lakin sonradan aparılan təhlillər və müşahidələr göstərdi ki, müddətin artırılmasına ehtiyac var. Beləliklə, yardım bir illiyə verilməyə başladı. Bir müddət əvvəl də ƏƏSMN Nazirlər Kabinetinə ÜSY-nin müddətinin iki ilə qaldırılması ilə bağlı müraciət etmişdi. Nazir Səlim Müslümovun bu barədə yenidən açıqlaması isə məsələnin artıq həll olunmaq üzrə olduğunu göstərir.
Əslində müddətin artırılması aztəminatlı əhali üçün sevindirici xəbərdir. Əgər indiyədək insanlar yardımdan bəhrələnmək üçün ildə bir dəfə sənəd toplamalı, müxtəlif qapıları döyməli olurdularsa, artıq buna iki ildən bir ehtiyac olacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimovanın sözlərinə görə, ÜSY-nin müddətinin iki ilədək uzadılması ilk növbədə aztəminatlı ailələrdən daxil olan müraciətlərin sayına təsir edəcək: "Bildiyiniz kimi, əvvəllər ÜSY-nin müddəti 6 ay idi, hazırda isə 1 ildir. Bu isə o deməkdir ki, əvvəllər aztəminatlı ailələr hər 6 aydan bir, indi isə ildə bir dəfə ÜSY almağa yenidən müraciət edirlər. Müddətin uzadılması ilə artıq onlar iki ildən bir müraciət edəcək. Səlim Müslümovun açıqlanmasından da göründüyü kimi, demək olar ki, hər il eyni ailələr ÜSY üçün müraciət edir. Bu isə o deməkdir ki, vaxtın uzadılması həmin ailələrin müraciətlərinin sayını azaldacaq. Düşünmürəm ki, ÜSY-nin müddətinin uzadılmasının aztəminatlı ailələr üçün əlçatanlığına təsiri var. ÜSY-nin vaxtının uzadılması sadəcə proseduraların sayını azaldır. Başqa sözlə, bu, müraciətçilər üçün xoş xəbərdir".
Bir sıra ekspertlər isə bu qərarı o qədər də müsbət hesab etmirlər. Onların fikrincə, müddətin uzadılması sui-istifadə hallarını daha da artıracaq. İqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, əksər ölkələrdə sosial yardımın müddətinin vaxtı azdır: "Müddətin çox olması sosial siyasətə uyğun deyil. Yəni nə mənada? Elə ailələr var ki, bu vaxt ərzində sosial yaşamında dəyişiklik olur, yeni iş yeri tapır. Və ya ailə üzvlərindən kimsə rəhmətə gedə bilər. Doğrudur, qanunvericiliyə görə, ailə üzvləri ilə bağlı hər hansı bir dəyişiklik olarsa, müvafiq quruma xəbər verilməlidir. Xəbər verilmədikdə, ailə ünvanlı sosial yardım almaqdan məhrum edilə bilər. Azərbaycanda isə ünvanlı sosial yardım alanlar arasında işə düzələn varsa da, bu haqda məlumat verməkdə maraqlı deyil".
Q.Toğrulun qənaətincə, müddətin 2 ilə qədər uzadılması yardıma haqqı çatmayanların rahatlaşmasına səbəb olacaq: "Əgər burada süründürməçiliyə, ünvanlı sosial yardım sahəsində yayılan rüşvətxorluğa son qoymaq məqsədi güdülürsə, bu, artıq tam mümkün deyil. Problemin kökündə duran məsələ ondan ibarətdir ki, yerlərdə məmurlar işlərinə məsuliyyətlə yanaşmırlar. Ünvanlı yardım alanları ya yaxşı araşdırmırlar, ya da nəyinsə müqabilində sosial yardımı təyin edirlər. Ona görə də inanmıram ki, müddətin daha bir il uzadılması bu sahədə köklü problemləri həll edə bilər".
Ekspert əslində uğurlu proqram olan ÜSY-nin əvvəldən düzgün tətbiq olunmadığını deyir: "Bu sahədə nə qədər islahatlar aparılsa da, problemi həll etmək çətindir. Ən uyğun variant sürətli şəkildə sosial reabilitasiya proqramına keçməkdir. Onların da arasında ən uğurlusu "Özünədəstək" proqramı idi, hansı ki, Azərbaycan hökuməti artıq tətbiq etməyə başlayıb. Amma proses olduqca ləng gedir".
Həbibə Abdulla
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22