Rauf Məmmədov: "Bakının ekoloji vəziyyətini korlayan əsas səbəb köhnə maşınlardır"
12:18 23-09-2014
CƏMİYYƏT
Rauf Məmmədov: "Bakının ekoloji vəziyyətini korlayan əsas səbəb köhnə maşınlardır"
Bakıda parkinqlər tikildikdən sonra həyətlərdə avtomobillərin saxlanması ilə bağlı problemlər yaranıb. Bu barədə Azərbaycan Texniki Universitetinin avtomobil vasitələri kafedrasının müdiri Rauf Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sürücülərin bir qismi baha hesab etdikləri parkinqlərə girmək istəmədiyindən avtomobillərini şəhər mərkəzindəki yaşayış binalarının həyətində park edirlər : "Park yerləri məsələsindən sonra həyətlərdə avtomobillərin saxlanması ilə bağlı problemlər var. Bu problemləri aradan qaldırmaq lazımdır. Bu o deməkdir ki, sadəcə avtodayanacaqlar tikməklə olmur, bu işə kompleks şəkildə yanaşmaq mütləqdir".
Rauf Məmmədov hesab edir ki, Bakının tarixi mərkəzində avtomobil sıxlığını azaltmaq üçün ödənişli yollar tətbiq etmək variantını artıq nəzərdən keçirmək vaxtıdır: "Bu təcrübə dünyanın bir çox inkişaf etmiş şəhərlərində var. Məsələn, bu yollara dispetçer marşrutları buraxmaq olar. Fikrimcə, tarixi yerləri qorumaq üçün və ən əsası şəhərin mərkəzində avtomobil sıxlığını aradan qaldırmaq üçün bu normal variantdır. Bundan əlavə araşdırmalar nəticəsində yeni axınlar öyrənilməli, əlavə marşrutlar nəzərdə tutulmalıdır."
Mütəxəssis bildirib ki, köhnə model maşınlar şəhərin ekoloji vəziyyətini bərbad hala salan əsas problemlərdən biridir: "Köhnə avtomobillər ağrılı problemdir. Biz "Avro-4" standartına keçmişik, amma görün Bakıda nə qədər köhnə maşınlar var. Köhnə avtomobilləri ağrısız şəkildə, başqa sözlə desək, xırda-xırda sıradan çıxarmaq lazımdır. Son 10 ildə respublikada və Bakıda bu istiqamətdə böyük işlər görülüb. Ümid edirəm ki, tezliklə bu məsələ də öz həllini tapacaq".
Sərnişdaşımadakı problemlərdən danışan Rauf Məmmədov bildirib ki, bu gün avtobusları idarə edən sürücülər arasında yetərincə təcrübəsiz adamlar var. Bu səbəbdən də tez-tez avtobus qəzaları baş verir: "Mən sovet dövründə avtobus parkında işləmişəm. O zaman hər hansı bir şəxs avtobus sürücüsü olmaq istəyirdisə, onun ən azı iri qabaritli avtomobilləri idarə etmək üzrə 3 illik sürücülük təcrübəsi olmalı idi. Bundan əlavə müəyyən yaş məhdudiyyəti və növbəli sürücülük qrafiki var idi. Amma indi səhər sükan arxasında gördüyüm sürücünü gecə evə gedəndə də görürəm. Bu cür problemlər həll olunmalıdır".
Digər Xəbərlər
2024-11-04 23:43:38
2024-11-04 20:38:00
2024-11-04 20:37:06
2024-11-04 20:04:52
2024-11-04 19:43:26
2024-11-04 19:00:45
2024-11-04 18:55:17
2024-11-04 18:39:13
2024-11-04 18:36:02
2024-11-04 18:28:30
2024-11-04 18:17:37
2024-11-04 17:10:57
2024-11-04 16:53:56
2024-11-04 16:47:59
2024-11-04 16:27:49
2024-11-04 16:11:00
2024-11-04 15:52:46
2024-11-04 15:48:00
2024-11-04 15:43:00
2024-11-04 15:36:00