Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında iştirak edib
12:27 23-09-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında iştirak edib
Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Son illərdə respublikamızda, o cümlədən paytaxt Bakıda nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan ötən əsrin 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı da günün tələblərinə cavab vermirdi. Bakının mərkəzində yerləşən əvvəlki liman sakinlər üçün problemlər yaradır, bulvarın genişləndirilməsinə də mane olurdu. Dünyanın sürətli və dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yeni böyük və çoxfunksiyalı limanın tikintisinə ehtiyac duyulurdu. Bununla bağlı dövlətimizin başçısının 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq hökumət tərəfindən lazımi tədbirlər həyata keçirildi. Nəqliyyat Nazirliyinin sifarişi ilə Niderland Krallığının "Royal Haskoning" şirkəti tərəfindən limanın baş planı və layihəsi hazırlandı. 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev yeni limanın təməlini qoydu. Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanıldı. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Ötən müddətdə görülən işlər nəticəsində artıq bərə terminalı istismara hazırdır.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Niderland Krallığının "Van Oord" şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.
Bildirildi ki, liman ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını "EvrAsKon" şirkəti reallaşdırıb. Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalı və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulub.
Diqqətə çatdırıldı ki, bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalama körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Beş dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır. Limandakı böyük həcmli tikintiyə əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən çox texnika cəlb edilib. Birinci mərhələ çərçivəsində indiyə qədər 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 dəmir-beton svay işləri görülüb. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası davam edir. Bundan başqa təmir bazası, gözləmə salonları, anbarlar, sərhəd və gömrük xidməti məntəqələri və digər obyektlərin tikintisi və quraşdırma işləri vüsət götürür.
Məlumat verildi ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra nəqliyyat naziri Ziya Məmmədov və "Van Oord" şirkətinin regional direktoru Hans Luijenburq çıxış etdilər.
Daha sonra Prezident İlham Əliyev bərə terminalını işə saldı.
Prezident İlham Əliyev yük vaqonlarının "Bərdə" və "Azərbaycan" gəmi-bərələrinə yüklənərək terminaldan yola salınması prosesinə baxdı.a
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26