Müdafiə Nazirliyinin son günlər açıqladığı məlumatlarda bildirilir ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. 

Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, fortifikasiya qurğularının inşa edilməsinin qarşısı qətiyyətlə alınmalıdır. Onun sözlərinə görə, qoşunların əlində bəlli miqdarda silah, texnika və sistemlər mövcuddur. 

"Həmin sistemlərin, texnikaların döyüşdə tətbiq effektivliyini artırmaq üçün onları müəyyən mühəndis qurğularında yerləşdirirlər. Məsələn, əsgəri səngərdə, sığınacaqda, blindajda, idarəetmə məntəqələrini isə yerin altında yerləşdirirlər. Eləcə də bu texnikalara aiddir. Bütün bunların toplam adı fortifikasiya qurğularıdır. Bu qurğular müdafiənin və ya döyüşün dayanıqlığını artırmağa meyillənib, şəxsi heyətin, texnikanın qorunmasına və etibarlı şəkildə tətbiqinə şərait yaratmaq üçün inşa edilir. Bunlar hamısı ümumilikdı mühəndis qurğuları adlanır. 

Birmənalı olaraq fortifikasiya qurğuları Azərbaycana qarşı erməni silahlılarının müqavimət potensialını artırmaq məqsədi ilə qurulur. Erməni tərəfi bu möhkəmlənmədən sonra daha geniş miqyasda təxribatlar törətmək imkanı əldə edə bilər. Buna görə də Azərbaycan Ordusu düşmənin dizi üstə qalxmasına imkan verməli deyil. Ordumuz onların qurmağa cəhd etdiyi fortifikasiya qurğularına, səngərlərinə, dayaqlarına, komanda-idarəetmə məntəqələrinə imkan verməməli, inşaat başlandığı anda həmin ərazini daim artilleriya atəşi altında saxlamalıdır", - deyə ekspert qeyd edib.

Anar Kəlbiyev