Son günlər bəzi informasiya resurslarında və sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən və universitetimizin nüfuzuna kölgə salmağa yönəlmiş paylaşımlar yayımlanır.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Qızlar Universitetinin müraciətində deyilir. 

Qeyd edilib ki, Universitetin bağlanacağı ilə bağlı məlumatlar doğru deyil.

"Biz hesab edirik ki, hər bir ali təhsil müəssisəsinin fəaliyyəti barədə fikir yürüdərkən yalnız rəsmi məlumatlara, obyektiv faktlara və peşəkar yanaşmaya əsaslanmaq lazımdır. Təhsil müəssisələrinin nüfuzuna xələl gətirən əsassız məlumatlar nə təhsilin inkişafına, nə də cəmiyyətin sağlam informasiya mühitinə xidmət edir. İnanırıq ki, Azərbaycan cəmiyyəti maarifçilik ənənələrinə, qadın təhsilinin inkişafına və bu yolda xidmət göstərən elm ocaqlarına hər zaman yüksək dəyər verməyə davam edəcək", - deyə müraciətdə qeyd olunub. 

Xatırladaq ki, bir neçə gün əvvəl Akkreditasiya Şurasının iclasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.

Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.