Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü İsgəndərov Sərxan Ələsgər oğlu 21.07.2026-cı il tarixində saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.

*** 14:56

Kəlbəcər rayonunda sursat partlayışı baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Məlumata görə, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

"Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.