Çingiz Qənizadə hesab edir ki, Azərbaycanda məlumat əldə etməklə bağlı qanunvericilik bazası insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir
Hüquqi dövlət qurub yaratmaq üçün mütləq şərtlərdən biri də, cəmiyyətdə məlumat azadlığı üçün demokratik mühit formalaşdırmaqdır. Azərbaycanda son illər bu istiqamətdə görülən işlər müsbət dəyərləndirilsə də, hələ də məlumat əldə etməklə bağlı istər QHT-lərin, istər də sadə vətəndaşların qarşılaşdıqları problemlər hüquqi dövlət quruculuğuna mane olan amillər hesab olunur. Ölkəmizdə "Məlumat azadlığı haqqında" qanunun olması demək olar ki, ölkədə məlumat azadlığını təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur. Bəs görəsən hüquqi dövlət olan Azərbaycanda qanunvericilik bazası bu məsələni necə tənzimləyir?
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, bu qanunun 2-ci maddəsi məlumat azadlığının təminatına həsr olunub: "Qanunun bu maddəsində qeyd olunub ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ var. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Konstitusiyamız və ona müvafiq olaraq digər qanunlarla müəyyən edilir. Həmçinin bu qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir".
Hüquqşunas deyir ki, bu qanunda göstərilib ki, məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri məlumat azadlığının təmin edilməsi, məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı, məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi,məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi, hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunmasıdır. Məlumatın əldə edilməsi dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə təmin edilir. Həmçinin dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə, statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə, dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə, normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə də təmin olunur.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər. Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir".
Hüquqşunasın sözlərinə görə, məlumatların əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür. Açıq məlumatın əldə edilməsi internet informasiya ehtiyatları vasitəsi ilə;
rəsmi nəşrlərlə, kütləvi informasiya vasitələrinin yayılması ilə;
kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə, fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə, qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla təmin edilir. Açıq məlumatın alınması qaydası və şərtləri bu qanunla, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər".
Amma bununla belə qanunda alınması məhdudlaşdırılan məlumatlar da öz əksini tapıb. Bura dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına , terror aksiyalarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.
Z. Bayramova bildirir ki, məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunun 12-ci maddəsində isə məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ var: "Məlumatın verilməməsi barədə məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə məhkəməyə şikayət edilə bilər.
Məlumatın verilməməsinin qanuniliyinin sübuta yetirilməsi vəzifəsi cavabdehin üzərinə düşür.
Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər. Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir".
Qanunla şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ var: "Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır. Məlumatın aldatma, hədə-qorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar toplanan məlumatla tanış olmaq, məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək, məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək hüququ var. Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir. Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz. Qanunvericilikdə nəzərdə tutulmamış hallarda gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu qanunun tələblərini pozan şəxslər qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar".
Millət vəkili Çingiz Qənizadə deyir ki, Azərbaycanda məlumat əldə etməklə bağlı qanunvericilik bazası insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Deputatın sözlərinə görə, hüquqi dövlət quruculuğunda məlumat azadlığının qorunması, təminatı vacib amildir. Ç. Qənizadənin sözlərinə görə, ölkədə qanunvericilik bazası həm məlumat alanın həm də barəsində məlumat əldə edilən şəxsin hüquqlarını qoruyur: Bunun biri olmasa digərinin hüququ pozulmuş sayılır. Bəzən Azərbaycanda məlumat əldə etmək hüququnun pozulması ilə bağlı beynəlxalq təşkilatlar qərəzli məlumat yayır. Amma əslində dövlət qanunun tələb etdiyi qədər məlumat azadlığı üçün şərait yaradıb. Azərbaycanda yeni saytların fəaliyyətə başlaması, ölkədə müstəqil qəzet, radio və televiziyaların fəaliyyəti də bunun bariz nümunəsidir".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16