Məhərrəm Zülfüqarlı: "Beynəlxalq qurumlarla yanaşı, seçkiləri siyasi partiyaların, QHT-lərin, KİV nümayəndələrinin, hər bir namizədin müşahidəçiləri və digər yerli müşahidəçilərin də izləyəcəyi gözlənilir"
Ölkədə vətəndaş cəmiyyətinin inkişafında, əhalinin ictimai proseslərdə iştiraka cəlb olunmasında QHT-lərin rolu danılmazdır. Hazırda isə ölkədə 1 noyabr parlament seçkilərinə hazırlıq işləri gedir. Ötən seçki illərində ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz fəallığı ilə seçilib. QHT-lərdən bir qismi əhalinin maarifləndirilməsinə yönəlik addımlar atıbsa, müəyyən hissəsi də müşahidəçilərin hazırlanmasına və exit-poll tədqiqatı keçirilməsi ilə bağlı işlər görüb. Bu QHT-lərdən biri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasıdır (AVCİYA). AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, bu seçkilərdə də QHT sektorunda canlanma və aktivlik var. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat 2004-cü ildən indiyədək Azərbaycanda keçirilən seçkilərin və referendumun monitorinqini aparıb. Onun sözlərinə görə, hətta ilk dəfə Azərbaycanda exit-poll tədqiqatını AVCİYA keçirib: "Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı məlumatı iyun ayından başlayaraq yaymağa başlamışıq".
M.Zülfüqarlının sözlərinə görə, ötən illərdə olduğu kimi seçkiləri müşahidə elmək və seçici fəallığının artırılması istiqamətində bu ildə xeyli iş görülüb: "Regionlarda seminarlar keçirilib, seçici fəallığının artırılmasına dəstək vermişik. Həmçinin müşahidəçilər üçün treninqlər keçiririk. Bizə həmin müşahidənin nəticələrinə uyğun olaraq seçkiyə münasibət bildiririk. Eyni zamanda, bir neçə mərhələdə monitorinqlər həyata keçiririk".
M. Zülfiqarlı deyir ki, artıq təmsil etdiyi təşkilat, (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib: "Hesabat bu il mayın 1-dən sentyabrın 1-nə qədər olan dövrü əhatə edir. Hesabata seçkiqabağı siyasi mühit, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, seçkilərin monitorinqi və digər bölmələr daxildir. Seçki öncəsi vəziyyətin monitorinqi, seçki administrasiyasının fəaliyyəti və KİV-in monitorinqi aparılıb. Monitorinq nəticəsində məlum olub ki, parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi mühit demokratik seçki keçirilməsinə zəmin yaradır".
M. Zülfiqarlı bildirdi ki, təşkilat seçkilərlə bağlı işləri davam etdirir: "Müşahidəçilər üçün kitabçalar çap olunur, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması ilə bağlı görüşlər keçirilir, regionlarda seçki fəallığının artırılması üçün sentyabrın 11-dən seminarlara başlanılıb".
Həmsöhbətimizin sözlərinə görə, "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası" (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sənin səsin-sənin gələcəyin: seçkilərdə gənclərin fəallığının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili" layihəsi çərçivəsində Şamaxı, Qobustan,Xaçmaz, Gəncə şəhərlərində təlimlər keçirib. Layihə çərçivəsində keçirilən təlimlər zamanı ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclər seçki proseduru ilə bağlı maarifləndirilib, gənclərə seçkilərdə sadəcə seçici kimi deyil, həm də namizəd kimi iştirakın yolu, hüququ və prosedurları haqqında məlumat verməklə onların gələcəkdə yerli özünüidarəetmə orqanlarında təmsil olunmalarına töhfə verilib : "Habelə ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na əsasən həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına təkan verilib".
M. Zülfüqarlı bildirir ki, seçkilər Azərbaycan Respublikasının siyasi həyatında olduqca mühüm amil, vətəndaş cəmiyyətinin inkişafının, demokratiyanın göstəricisi olduğundan daim diqqət mərkəzindədir. Ölkədə seçki öncəsi ictimai-siyasi mühitə müsbət təsir göstərən vətəndaş cəmiyyəti institutudur: "QHT-lərin seçki öncəsi regionlarda aparılan maarifçilik işlərində fəal iştirakı seçki qabağı ictimai-siyasi mühitə müsbət təsir göstərib. QHT-lərin paytaxt və regionlarda öz proqram tədbirlərinin təşkili ilə bağlı diqqətçəkən problemlər və əngəllər müşahidə edilməyib. Respublikada Milli Məclisə seçkilərə diqqət 2015-ci ilin iyul ayından artmağa başlayıb. Parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyət beynəlxalq standartlara uyğun şəfaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2015-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirib, əlaqədar qurumlardan daxil olmuş məlumatlar əsasında bir daha təhlil edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir daha dürüstləşdirib və artıq bu əhatəli və irimiqyaslı prosesə yekun vurulub. 2015-ci il may ayının 27-də MSK üzvləri və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirakı ilə Katibliyin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib edilmiş variantı ilə tanışlıq olub. Son dürüstləşdirmə işləri aparılaraq DSK-lara qaytarılmış seçici siyahılarının çap prosesi, saxlanma şəraiti və digər aidiyyəti məsələlərlə tanış olan Komissiya üzvləri və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçici siyahısının tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Belə ki, seçicilər haqqında ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilib. Seçicilər öz məlumatlarının yoxlanması və məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq "on-line" ərizə formasını dolduraraq MSK-ya ünvanlaya bilərlər ki, bu məlumatlar da bir daha nəzərdən keçirilir və müvafiq araşdırma aparıldıqdan sonra lazımi düzəlişlər edilir. Qeyd etmək lazımdır ki, seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə il boyu müvafiq qurumlarla əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin hərəkət dinamikası barədə müvafiq məlumatlar operativ şəkildə dairə seçki komissiyaları tərəfindən toplanaraq siyahılarda nəzərə alınır. Seçicilərin yenilənmiş siyahısına 5,093,289 seçici daxildir və bunların 51,7%-ni qadınlar təşkil edir. Namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası barədə AVCİYA-nın oktyabr ayının sonlarında açıqlayacağı hesabatda geniş məlumat veriləcək".
M. Zülfüqarlı deyir ki, seçkilərin ədalətli və şəffaf keçirilməsində müşahidənin mühüm əhəmiyyəti var: "Seçkiləri Avropa Şurası, ATƏT, MDB və digər beynəlxalq qurumların müşahidəçilərinin izləyəcəyi gözlənilir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək seçki prosesini izləmək üçün 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək istəyini bildirib. Qısamüddətli müşahidəçilər seçki gününü, seçki prosesini, səsverməni, səslərin sayılmasını izləyəcək. Uzunmüddətli missiyalar isə namizədlərin irəli sürülməsi, onların qeydiyyatı, təşviqat kompaniyasını, seçki komissiyalarının fəaliyyətini və digər işləri müşahidə edəcəklər. Beynəlxalq qurumlarla yanaşı, seçkiləri siyasi partiyaların, QHT-lərin, KİV nümayəndələrinin, hər bir namizədin müşahidəçiləri və digər yerli müşahidəçilərin də izləyəcəyi gözlənilir".
M.Zülfüqarlının sözlərinə görə, seçkilərin müşahidəsi ilə bağlı AVCİYA ictimaiyyətə məlumat təqdim edəcək.
Mələk Eyvazlı
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08