Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlov və Keyfiyyət təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova 24–25 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” beynəlxalq sammitində iştirak edir.

"Unikal" xəbər verir ki, “QS Higher Ed Summit: Europe 2026” ali təhsilin inkişaf perspektivlərinin və qlobal çağırışlarının müzakirəsi üçün mühüm beynəlxalq platformadır.

Sammit dünyanın müxtəlif ölkələrini təmsil edən ali təhsil rəhbərlərini, akademik ekspertləri, təhsil siyasəti üzrə qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirib. Sammit çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda AzTU-nun təhsil, tədqiqat və innovasiya istiqamətləri, eləcə də beynəlxalq əməkdaşlıq imkanları iştirakçılara təqdim olunur.

Tədbirdə ali təhsilin gələcəyinə dair qlobal çağırışlar, beynəlmiləlləşmə, beynəlxalq reytinqlərdə rəqabətqabiliyyətlilik, rəqəmsal transformasiya, süni intellektin təhsildə tətbiqi, universitet-sənaye əməkdaşlığı və dayanıqlı inkişaf kimi aktual mövzular müzakirə olunur.

Sammitdə iştirak AzTU-nun beynəlxalq akademik əlaqələrinin genişləndirilməsinə, qlobal tərəfdaşlıqlarının gücləndirilməsinə və universitetin beynəlxalq ali təhsil məkanında tanınırlığının artırılmasına töhfə verir.