Sosial xidmət göstərən QHT-lər maliyyəsiz qalıb...
08:12 12-11-2015
KRİMİNAL
Mehriban Zeynalova: "Sığınacağı saxlamağa pul tapmırıq"
Dünən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova facebook sosial şəbəkəsindəki şəxsi hesabında sığınacaqların maliyyələşdirilməsi barədə status paylaşıb. M. Zeynalova bildirib ki, kifayət qədər maliyyə olmadığından özümüz cıxılmaz vəziyyətdə qalır, bəzi xərcləri ödəyə bilmirik: "Görəsən nə vaxt iş adamları və ya dövlət qurumları tərəfindən sığınacaqların maliyyələşməsi həyata keçiriləcək?"
Qeyd edək ki, hazırda QHT sektorunda sosial xidmət göstərən QHT-lərin sayı çox olsa da, dövlət tərəfindən çox az hissəsi maliyyə alır. Yerdə qalanı iş adamlarının, yaxud digər layihələr çərçivəsində əldə etdiyi maliyyə yardımlarının ümidinə fəaliyyət göstərir. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, indiyədək Birliyin durumu yaxşı olsa da, son vaxtlar maliyyə dayanıqlığının olmaması zorakılıq qurbanı olan qadınlar üçün yaradılmış sığınacaqların fəaliyyətinə də təsir göstərib. M. Zeynalovanın sözlərinə görə, əslində dövlət qurumları akkreditasiyadan keçən QHT-lərə maliyyə ayırmalıdır. Amma M. Zeynalova hazırda daha çox uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərə maliyyə ayrıldığını söyləyir. Həmsöhbətimiz deyir ki, məişət zorakılığı ilə bağlı mübarizə üçün sığınacaq və reabilitasiya mərkəzlərinin yaradılması qanunda da nəzərdə tutulub: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sığınacaqların tikilməsi, maliyyələşdirilməsi nəzərdə tutulur. Bu heç də dövlət tərəfindən sığınacaqlar tikildikdə QHT-lərin kənarda qalması anlamına gəlmir. Bu, düzgün yanaşma deyil: "Bununla bağlı narahatçılıq keçirənlər var. Amma mən bunun narahatçılıq doğuran məsələ olduğunu düşünmürəm. Çünki Azərbaycan praktikasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzdində təhlükəsiz sığınacaqlar var. Həmin sığınacaqlarda məhz QHT-lərin nümayəndələri işləyir. Ümumiyyətlə, bütün dövlətlərdə sığınacaqların idarəsi QHT-lərə həvalə edilib. Bununla bağlı qanunda QHT təşkilatları ilə əməkdaşlıq nəzərdə tutulub. Bu sahədə çalışacaq QHT-lər akkreditasiyadan keçməlidirlər. Bizdə isə gələcəkdə sığınacaqların, mərkəzlərin idarə edilməsi işini görə biləcək, qeydiyyatdan keçən 8-10 təşkilat var. Ola bilsin ki, həmin sığınacaqlar dövlət tərəfindən maliyyələşsin, QHT-lər tərəfindən idarə olunsun". M.Zeynalovanın sözlərinə görə, hazırki vəziyyətə gəlincə, sosial xidmət göstərən QHT-lərin çoxunun maliyyə probleminin olduğunu söyləyir. M. Zeynalova deyir ki, dövlət ən azından sığınacaq xidməti göstərən QHT-lərə dayanıqlı maliyyə ayırmalıdır. Əks halda qadın zorakılığı ilə üz-üzə qalan qadınların üz tutduqları sığınacaqlar fəaliyyət göstərə bilməyəcək.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paytaxtda və regionlarda sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətlərin göstərilməsi məqsədilə KİV vasitəsilə dəfələrlə müsabiqə elan edib. Həmin müsabiqələrə ixtisaslaşmış QHT-lər tərəfindən xeyli sayda layihə təqdim olunub. Hazırda bir sıra QHT-lər tərəfindən müxtəlif sosial xidmət sahəsi üzrə xidmətlər göstərilir. Amma bununla belə bu bütün QHT-ləri əhatə etmir.
"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da, QHT-lərə sosial xidmətlərin göstərilməsi məqsədilə qrant ayrılmasının vacib olduğunu söyləyir. Onun sözlərinə görə, sığınacaqların fəaliyyətini davam etdirməsi üçün QHT-lərin müvafiq dövlət qurumlarının təşkil etdiyi müsabiqələr vasitəsilə maliyyə yardımı almasının vacib olduğunu deyir. Xatırladaq ki, deputat Azay Quliyev Milli Məclisdə çıxışında dəfələrlə sosial xidmətlərin dövlət tərəfindən deyil, QHT-lər vasitəsilə həyata keçirilməsi təklifini səsləndirib. O həmçinin bildirib ki, mənzil və kommunal təsərrüfat xidmətlərini həyata keçirən qurumlar öz işinin öhdəsindən gələ bilmir. Amma hələki bu məsələ təklif olaraq qalır. Buna səbəb, Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliyin edilməməsidir. Qeyd edək ki, bu qanun çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda göstərilir ki, sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri insan hüquq və azadlıqlarına riayət olunması,humanizm, könüllülük, məxfilik, tolerantlıq, ünvanlılıq, ədalətlilik və əlçatanlıq, diskriminasiyaya və stiqmatizasiyaya yol verilməməsi, çətin həyat şəraitində olan şəxslərin sosial xidmətə götürülməsində bərabər imkanların təmin edilməsi aiddir. Eyni zamanda sosial inteqrasiya və əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması, ictimai iştirakçılığın təmin olunması da bu qanunun prinsiplərinə daxildir. Sosial xidmət sahəsində dövlətin vəzifələrində göstərilir ki, sosial xidmət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən həmin sahədə normativ hüquqi aktlar və dövlət standartları qəbul edilməlidir. Sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsi sahəsindəki fəaliyyətdə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin iştirakının dəstəklənməsi də qanunda qeyd olunub. Həmçinin vahid sosial xidmət təsnifatının hazırlanması, sosial xidmətin təmin edilməsi üçün zəruri infrastrukturun və şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi, sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmətin bu qanunla müəyyən edilmiş forma və növləri üzrə sosial xidmət göstərilməsinin təmin edilməsi, sosial xidmət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması da qanuna daxil edilib.
Qanunun 5-ci fəsli isə sosial xidmətin maliyyələşdirilməsinə həsr olunub. Bu qanunun 24-cü maddəsində nəzərdə tutulur ki, sosial xidmət qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti, ödənişli əsaslarla sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri, qrantlar, eləcə də qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası və sosial xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Ödənişli sosial xidmətlər çətin həyat şəraitində olan şəxs ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyə sosial xidmət müəssisələri gəlir əldə etmək məqsədi güdmür və sosial xidmət haqqı sosial xidmət göstərilməsi ilə bağlı xərclərin, əməkdaşların əməkhaqlarının və digər cari xərclərin həcminə uyğun olaraq bələdiyyə tərəfindən müəyyənləşdirilir. Özəl sosial xidmət müəssisələrində sosial xidmət haqqı müəssisə ilə sosial xidmətə götürülmüş şəxs arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
Sosial xidmət sahəsində dövlət sifarişləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilə bilər.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16