İstirahət günü, iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

İyulun 11-i gün ərzində, 12-si gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 4 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.