08.08.2025-ci il tarixdə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” festivalı çərçivəsində əməkdar artist Aybəniz Haşımova və Sənət Akademiyasının tələbələrinin konserti təşkil olunub.
"Unikal" xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutub.
Gecədə səhnəyə çıxan gənc ifaçılar klassik və müasir musiqi nümunələrini yüksək peşəkarlıqla təqdim ediblər. Aybəniz Haşımovanın rəhbərliyi ilə səhnəyə çıxan tələbələr milli musiqi mədəniyyətimizin təbliğində önəmli rol oynayan çıxışları ilə tamaşaçılardan böyük alqış qazanıblar.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə isti yay günlərində artıq mütəmadi şəkildə keçirilən bu qəbildən olan tədbirlərin məqsədi paytaxt sakinlərinə mədəni istirahət bəxş etməklə yanaşı, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi, eyni zamanda Azərbaycan musiqisinin zənginliyinin nümayiş etdirilməsidir.