"Biz hələ də onun ölümünə inana bilmirik. Gecə xəbəri eşidəndən onu tanıyan hər kəs meyidin ailəsinə verilməsini gözləyir".

Unikal.org bildirir ki, bu sözləri anspress-ə ötən gün cəbhənin Ağdam istiqamətində ermənilər tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçu, baş leytenant Toğrul Səyyad oğlu Məmmədovun Cəsarət adlı yaxın dostu deyib. Onun sözlərinə görə, Toğrul Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbi bitirib və cəbhə xəttinə yollanıb. O, cəbhədə 8 ildir ki, xidmət edirdi:

"Dostum Toğrul 1988-ci ildə Naxçıvanın Babək rayonunda anadan olub. Ağdamdakı "N" saylı hərbi hissədə mina təmizləyən bölüyün komandiri (istehkamçı bölüyü) və eyni zamanda xidmət rəisi idi. Mərhumun rütbəsi baş leytenant olsa da, yüksək vəzifəli biri idi. O, atasız böyümüşdü və özündən kiçik olan bacısı ilə qardaşını böyütmüşdü".

Cəsarət onu da bildirdi ki, Məmmədovla sonuncu dəfə iki gün əvvəl görüşüb və dərdləşiblər: "İki gün əvvəl gördüyüm dostumun yoxluğuna alışmaq indi mənə çox çətindir".

Mərhumun dostu onu da bildirdi ki, Toğrulla vida mərasiminin yeri və zamanı, eyni zamanda dəfninin dəqiq tarixi barədə hələlik müvafiq qurumlardan açıqlama verilməyib.

28 yaşlı Toğrul Məmmədov subay olub.



Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu ötən gün axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində Ermənistan ordusu tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.