"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı araşdırmalarının nəticəsi ilə bağlı Tarif Şurasına müraciət edəcək".
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sonda hansı qərarın qəbul ediləcəyi onlardan asılı olan iş deyil.
M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçılarının sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki burada da çox düşünülmüş qərarlar qəbul olunacaq. Təbii ki, müəyyən sosial ədalət prinsipi də nəzərə alınacaq və bəzi təbəqələrə imtahanda iştirak etmək üçün ayrı qiymət olacaq. Burada müxtəlif təkliflər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək".
O, eyni zamanda, xatırladıb ki, TQDK dövlət icra orqanı olaraq büdcədən ildə 7 milyona yaxın vəsait ayrılırdı: "Bunun təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Dövlət İmtahan Mərkəzi isə dvlət tərəfindən yeni bir qurum kimi maliyyələşdirilməyəcək. Bizə sifariş verilən işlərin pulunu sifarişçi özü ödəməlidir. Məsələ ondadır ki, indiyə kimi aparılan imtahanda orta hesabla hər bir abituriyentə ən kütləvi imtahanlarda dövlət 25 manat xərcləyirdi. Bu təbii qəbul olunurdu, çünki dövlət bu pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də var idi. Çünki imtahan yazılıb çoxlu sayda gəlməyəni olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manatdır, Tükiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır".
Dövlət tərəfindən TQDK-ya sifariş verilən imtahanların buraxılış imtahanları olduğunu deyən sədr əlavə edib ki, IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq: "Qalan imtahanları dövlət maliyyələşirəcək ya yox, biz bunu bilmirik. Biz yalnız hər növ imtahanda hər bir iştirakçıya nə qədər pul xərcləndiyini hesablamışıq. Əgər dövlət həmin imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Bizim apardığımız imtahan dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki proqram təminatı əsasən TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı. Kənarda proqram təminatını sifariş vermirdik. Belə imtahanların qiyməti çox yüksəkdir".
M. Abbazsadə həmçinin deyib ki, hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırdılar: "Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəsislərin maaşı olmayacaq. Bu ilin sonuna qədər TQDK-nın dövlət tərəfindən maliyyələşdirməsi var. Yanvarın 1-dən isə bizim hansısa işimizlə bağlı heç bir maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq
"Dövlət təhsil sahəsində böyük işlər görür və neçə illərdir ki, TQDK dövlət tərfindən maliyyələşdirilib. İndidə yəqin ki, müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Hansı ki, o imtahanlar məcburi deyil. Müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyir"- deyə o, əlavə edib.