"AF-Hotel" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin "Kutvan proje" şirkətinin birgə hazırladığı "Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli" və bu modelin "AF-Hotel"ə uyğunlaşdırılmasına həsr olunmuş tədbir keçirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, tədbirdə yeni modelin çimərlik turizminin inkişafına verəcəyi dəstək müzakirə olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi yollarından danışıb: "Bu gün ölkəmizdə rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqələri əhalinin təhlükəsiz şəraitdə istirahəti üçün xidmət göstərir".
Nazir qeyd edib ki, ölkədə çimərlik turizminin inkişaf etdirilməsi üçün böyük potensialın olmasına baxmayaraq, bundan istifadə imkanları istənilən səviyyədə deyil: "Bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və çimərliklərin dünya standartları səviyyəsinə çatdırılması üçün müvafiq normativ-hüquqi sənədlərin qəbul olunması vacibdir. Çimərliklər mütəxəssislərin müxtəlif kriteriyalara görə qiymətləndirmədən uğurla çıxanlar bu statusa malik olurlar. "Mavi bayraq" qalib çimərliyin diqqətçəkən hissəsinə sancılır və onun yüksək imic qazanmasına xidmət edir. Bizdə mövcud olan çimərliklərin heç biri belə bayraqla təltif olunmayıb. Bu sahədə qardaş Türkiyə dünya ölkələri arasında öncül yerlərdədir. Biz bu təcrübədən yararlana bilərik və bu da ölkəmizdə bu turizm növünün inkişafına təkan vermiş olar".
Ə.Qarayev deyib ki, suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, insanların xilasedilməsi və təhlükəsizliyi, ərazinin sanitariya-gigiyena vəziyyətinin normada olması, dəniz kənarının təmizlik səviyyəsi, çimərliklərin inkişafı üçün başlıca amildir: "Bu sahənin inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi, sanitar-gigyenik normalara əməl olunması, sahibkarların gördüyü işlərə dövlət dəstəyinin verilməsi üçün həm müvafiq mərkəzi icra hakimiyyəti orqanları, həm də yerli icra hakimiyyəti orqanları öz köməyini əsirgəməməlidir".
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə çimərlik turizminin mövcud vəziyyəti, problemləri və perspektivləri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Xəzər dənizinin Azərbaycana düşən hissəsinin 60-70 faizində çimərlik turizminin yaradılması üçün müvafiq şərait mövcuddur.
İqtisadiyyat nazirinin müavini Sevda Həsənova, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, "Kutvan proje" şirkətinin nümayəndəsi Ali Bülənt Kutvan, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizdə turizmin inkişafı sahəsində atılan addımlardan danışıblar.
Sonda qərara alınıb ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqələndiriciliyi ilə tədbirdə iştirak edən nazirlik və icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılsın. İşçi qrupu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən çimərliklərdə dəniz suyunun təmizliyi, ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və xidmət səviyyəsinin vəziyyəti ilə əlaqədar baxış keçirilsin. Mövsümün sonunda aparılan araşdırmaların nəticələri elan edilərək, nümunəvi çimərliklər mükafatlandırılsın, eləcə də çimərliklərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət planı hazırlanması təklif olunacaq. Bildirilib ki, işçi qrupu ölkəmizdə çimərlik turizminin inkişafının təşviqi işinə, sahibkarların bu sahəyə marağının artırılmasına, yeni iş yerlərinin açılmasına yardımçı ola bilər.