Əli Kərimli siyasi iflasın son mərhələsində
10:11 08-01-2016
CƏMİYYƏT
AXCP sədri: "Əmin olmalıyıq ki, meydana çıxanda tək qalmayacağıq...."
Başa vurduğumuz 2015-ci il Azərbaycan müxalifətinin radikal kəsiminin tamamilə iflası ilə yadda qaldı. Belə ki, ənənəvi radikal müxalifət qüvvələrinin parçalanması, elektoratını itirməsi ilə nəticələn proses öz növbəsində bu düşərgədə yeniləşmənin nə qədər aktual olduğunu bir daha təsdiqləmiş oldu. Belə ki, ötən il Azərbaycanda baş verən ən mühüm siyasi hadisələrdən biri də müxalifət düşərgəsində baş qaldıran yeniləşmə hərəkatı oldu.
Müxalifət partiyalarını on illərlə inhisarında saxlayan və heç bir siyasi uğura imza ata bilməyən siyasətçilər gənc nəslin potensial müqaviməti ilə qarşılaşdı. AXCP-dən başlanan bu prosesin məqsədi partiya daxilində mövcud olan siyasi ətalətə son qoymaq idi. Əli Kərimlinin yaratdığı siyasi inhisarçılıq yalnız partiyaya nəzarət etmək məqsədi daşıyırdı. Bu isə müxalifətdaxili pərakəndəlik yaradır, müxalifət daxilindəki narazılıq çatlarını daha da dərinləşdirirdi.
Əli Kərimlinin yanlış siyasətindən narazılıq yalnız öz ətrafında deyil, həm də kütləvi aksiyalarda özünü göstərirdi. Milli Şuranın və Əli Kərimlinin keçirdiyi mitinqlərdə insanların sayının getdikcə azalması- hətta o dərəcədədir ki, barmaqla sayılası qədər- artıq onun siyasi süqutunu yaxınlaşdırırdı. Etiraz aksiyalarına barmaqla sayılacaq qədər insanın gəlməsi bu etimadsızlığın əsas göstəricilərindən biri idi.
Ancaq Əli Kərimli bu günlərdə verdiyi müsahibəsində məsuliyyəti xalqın üzərinə atmağa çalışıb. "Ancaq insanların içində qorxu olduğundan meydanlara on və ya yüzminlərlə insan axışmır",- deyən Ə.Kərimli ikinci devalvasiyadan sonra Azərbaycanda yaranmış sosial-iqtisadi problemlərdən siyasi mübarizə məqsədi ilə istifadə etmək arzusunu gizlətmir. O, sosial şəbəkələrdən insanların aksiyalar keçirmək istəyini söyləsə də xalqın Milli Şuranın və özünün keçirdiyi mitinqlərə gəlmək istəmədiyini etiraf edir: "Əlbəttə, mitinqlər olacaq. Sadəcə, əmin olmaq istəyirik. Bax, müraciət edənlər və bizi qınayanlara demək istəyirik ki, bizi qınamaqla məsələ həll olunmur. Bir daha deyirəm, təzyiq etmək lazım deyil, biz mitinqə hazırıq. Yalnız 4 dəfə qiymət artımı və devalvasiya ilə bağlı mitinq etmişik. Niyə də daha sonra aksiyalar keçirməyək? Edəcəyik. Ancaq meydanlarda yenə özümüzün qalmayacağına əmin olmaq istəyirik. Bax, sosial şəbəkələrdə etiraz edənlərə rəğbətlə yanaşıram. O adamlar digər biganə vətəndaşlarımız arasında təbliğat işini qurmalıdırlar. Bizi inandırmaq lazım deyil, biz bu həqiqətlərə çoxdan inanmışıq. Bu dəfə meydanlara çıxanda yalnız cəbhəçilərin və fəal insanların ümidinə qalmayacağımıza əmin olanda və sosial-iqtisadi baxımdan sadə insanlar da prosesə qoşulanda, mitinq qərarını verəcəyik".
Göründüyü kimi, Əli Kərimli keçirmək istədiyi aksiyaya insanların gələcəyinə əmin deyil. Çünki həm AXCP-də olduğu müddətdə, həm də müxalifət daxilində siyasi qarşıdurmalara xidmət edən gedişləri onun barəsində yaradılmış imici fiaskoya uğradıb. Əli Kərimli mitinq təşkil etsə belə, bu çağırışa insanların gələcəyindən əmin deyil. Əslində, bu, həm də bir etirafdır. Sadəcə olaraq, siyasi iddiasından əl çəkmək istəməyən "Yurd" rəhbərinin siyasi uğursuzluğa görə bəhanəni xalqın "siyasi passivliyi"ndə axtarması onun etirafı ilə ziddiyyət təşkil edir. Ona görə də Əli Kərimli həmişə olduğu kimi bu dəfə də ətarındakılara "sadə insanlar prosesə qoşulana qədər" gözləməyi vəd etməklə ümid yaratmaq istəyir. Bütün bunlar isə köhnəlmiş texnologiyalar olduğundan ölkədəki sosial-iqtisadi problemlərdən əziyyət çəkən insanları inandıra biləcəyi real görünmür.
Bu həm də Əli Kərimlinin illərdən bəri qəbullanmaq istəmədiyi həqiqətin acı etirafı idi. Bəli, indi o hər kəsdən daha yaxşı anlayır ki, onun və rəhbərlik etdiyi təşkilatın ictimai dayaqları yoxdur, təşkil edəcəyi hansısa aksiyaya isə özündən və azsaylı tərəfdarlarından başqa kimsə qatılmayacaq. Bu isə artıq siyasi iflasdır, iflasın etirafıdır. İflasa uğramış və ictimai dəstəkdən tam mərhum olmuş Əli Kərimlinin isə Azərbaycan siyasətində uzun müddət duruş gətirəcəyi inandırıcı görünmür.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 14:44:02
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14