Azərbaycana qarşı "enerji koalisiyası"
10:12 08-01-2016
CƏMİYYƏT
İran, Rusiya, Gürcüstan bölgədə yeni enerji layihəsi reallaşdırmaq üçün danışıqlara başladı
Ermənistan Energetika və Təbii Sərvətlər Nazirliyi bu ölkənin Gürcüstan, İran və Rusiya ilə elektrik enerjisi sistemlərini bir-birinə bağlayan yeni dəhlizin qurulması üçün koordinasiya qrupunun yaradıldığını açıqlayıb. Nazirliyin yetkilisi Areq Qalstyan əsas məqsədlərinin qaz istehlakını azaltmaq olduğunu bildirib. İrəvanda Ermənistan, İran, Gürcüstan və Rusiya yetkililərinin görüşündə artıq müqavilə də imzalanıb. Qeyd edək ki, Ermənistan Energetika və Təbii Sərvətlər Nazirliyi bundan əvvəl 2018-ci ilə qədər Gürcüstan və İranla təxminən 1900 meqavatt gücündə iki yeni elektrik enerjisi xəttinin çəkiləcəyini açıqlamışdı.
Layihə reallaşsa, bu, Azərbaycanın xeyrinə olmayacaq. Çünki Ermənistan istisna olmaqla digər 3 ölkənin (Rusiya, İran və Gürcüstan) Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlığı var. Məsələn, İran bundan əvvəl Azərbaycandan keçməklə Rusiyanın enerji sisteminə qoşulmağı planlaşdırdığını açıqlayıb. Məsələ ilə bağlı Bakı ilə danışıqlar aparılır. Bu barədə İranın energetika nazirinin müavini Məhəmməd Behzad açıqlama vermişdi. Behzad qeyd etmişdi ki, İran Azərbaycanla yanaşı, həmçinin özünün enerji sistemini Livanla da sinxronlaşdırmaq istəyir: "İran hazırda Azərbaycan, Naxçıvan, Pakistan, Türkiyə, İraq və Ermənistanla enerji mübadiləsi aparır". İran regionda ən iri enerji ixracatçısına çevrilmək istəyir və bu məqsədlə 3 elektrik stansiyasının tikintisi üçün 1 milyard dollar həcmində investisiya cəlb edib. İran 700 meqavattlıq gücə malik Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi şəbəkəsini gələcəkdə Avropanın elektrik enerji sisteminə qoşulmaq üçün sinxronlaşdırmağı reallaşdırmaq istəyir. İranın, Azərbaycanın və Rusiyanın elektrik enerji sistemini sinxronlaşdırmaq layihəsi bir neçə il ərzində müzakirə edilir. Bundan əvvəl, Rusiya və İran arasında əməkdaşlıq tipli danışıqlar aparılırdı. Rusiya qarşılıqlı elektrik enerjisi satışında, İran isə mübadilədə israrlı idi.
Bununla belə ekspertlər bu layihənin gələcək perspektivinin bir qədər dumanlı göründüyünü bildirib. Onların fikrincə həmin ölkələrin aralarında olan problemlərin həll olunmasından sonra bu layihə tam gücüylə işə düşə bilər. Bu ölkələrin təkcə iqtisadi yox, həm də siyasi problemləri var. Elektrik enerjisinin ötürülməsindən hansı qiymət və tariflərdən istifadə olunacaq - bununla bağlı ciddi razılaşma yoxdur. Amma perspektiv olaraq, hər bir ölkənin marağındadır ki, belə bir şəbəkə reallaşsın. Bu ümumi şəbəkənin məqsədi ondan ibarətdir ki, bir ölkədə problem olarkən, digər ölkələrin gücü ilə verilən enerjinin gücünü artırmaq, yaxud azaltmaqla həllini tapacaq.
Odur ki, bunun yaxın zamanlarda həyata keçirilməsi qaranlıq görünür. Ən azından ona görə ki, Azərbaycansız da belə bir şəbəkənin reallaşması bir az problemli olacaq. Çünki İran ancaq Ermənistanla sərhəddir. İranın da Rusiya ilə Ermənistan və Gürcüstan üzərindən bağlanmaq ehtimalı var. Gürcüstanla Rusiya arasında hərbi-siyasi problemlər həll edilməmiş qalır. Münaqişə yenidən qızışıb ciddi problemlər ortaya çıxsa, o zaman Ermənistan və İranda da müəyyən problemlər ortaya çıxacaq. Buna görə də ümumi problemlər həll olunmayana qədər Azərbaycansız belə bir layihənin perspektivi olmayacaq.
Maraqlıdır, bəs layihə Azərbaycana nə vəd edir? Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan "Enerji körpüsü" layihəsi də bir müddət gündəmdə oldu. Ən iri investisiya proqramlarından olan "Enerji körpüsü" tikildikdən sonra Azərbaycandan xaricə elektrik enerjisinin ixracı potensialını daha da artırmalı idi. Lakin Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisi vermək istəyindən geri çəkildi. Gürcüstan isə enerji bazarını Türkiyəyə açıb. Türk şirkətləri orada yeni su elektrik stansiyaları tikir, ucuz başa gəldiyi üçün qoyduqları vəsaiti artıqlaması ilə çıxarırlar. Paralel olaraq, Gürcüstan, İran, Ermənistan və Rusiyanı birləşdirəcək yeni enerji dəhlizinin gündəmə gəlməsilə, Azərbaycanın regionun elerktrik enerjisi sektorunda oynadığı rolu azalda bilər.
2020-ci ilədək Azərbaycan və Rusiyanın arasında elektrik enerjisi dəhlizinin texniki imkanları 700 meqavata çatdırılmalıdır. Bu barədə Azərbaycanın Energetika Nazirliyindən mediaya məlumat verilmişdi. 2007-ci ildən başlayaraq Rusiyaya ixrac olunan elektrik enerjisinin həcmi dinamik olaraq artıb və Azərbaycanın energetika sistemi müsbət saldo ilə işləyir.
İran, Gürcüstan və Rusiya arasında bu kimi layihələrin olmasını nəzərə almadan, həmin dövlətlər arasında ümumi şəbəkənin reallaşdırılması Azərbaycana təsirsiz ötüşməyəcək. Bu eyni zamanda yeni qiymətləri müəyyənləşdirəcək ki, bu da Azərbaycanın qiymət siyasətinə mənfi təsir edəcək. Hələlik bu barədə razılaşma əldə edilməsə də, yetkililər görüşlərini davam etdirirlər.
Xatırladaq ki, bu layihə həmin dövlətlərin enerji mübadiləsini əks etdirən bir faktordur. Bütün ölkələr ehtiyacdan artıq elektrik enerjisi olduqda, bu cür mübadilələr apara bilərlər. Rusiya və İran arasında çoxdan belə bir razılaşmaya dair danışıqlar gedirdi. Rusiya, Azərbaycan və İran da öz aralarında danışıqlar aparırlar. İran böyük dövlətdir və elektrik enerjisinə olan tələbatını ödəmək üçün Türkmənistandan da enerji alır. İrana maraqlıdır ki, daha sərfəli qiymətlərlə qonşu dövlətlərdən elektrik enerjisi idxal etsin, nəinki özü Fars körfəzində hasil edilən enerjini ölkənin Şimal bölgələrindəki qaz, yaxud mazutla işləyən elektrik stansiyalarına nəql etsin, bundan sonra ötürsün istehlakçılara. Bu İranın strategiyasına uyğundur. Buna görə də İran iki əllə əvvəl Ermənistanla böyük bir layihənin reallaşdırılmasına dair razılaşdı. İran Ermənistana təbii qaz verir və verdiyi hər m3 qazın əvəzində 3 kv/saat elekrik enerjisi alır. Ancaq bu İran üçün yetərli deyil. Buna görə də, İran maraqlıdır ki, Rusiya və Gürcüstandan elekrik enerjisi alsın.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00