Bu gün, səhər saatları, Suriyanın paytaxtı Dəməşq. Yüzlərlə dəməşqli küçələrə çıxıblar, bayram edirlər, qışqırırlar. Havaya atəşlər açılır.
Dəməşqliləri sevindirən xəbər Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı məlumatlardır.
Onlar "Allah, Suriya, Bəşər!" qışqırırlar.
Bayram edənlər Suriya prezidenti Bəşər Əsədin tərəfdarlarıdır.
Suriyada B.Əsədə sadiq qoşunların nəzarətindəki başqa şəhərlərdə də eyni mənzərədir.
Amma sevinənlər, bağıranlar, avtomatlardan və tapançalardan havaya atəş açanlar indi pərişandır.
Çünki Türkiyədə hərbi çevriliş cəhdi alınmadı.
Türkiyədə isə artıq 1563 nəfər hərbi çevriliş cəhdində suçlanaraq tutulub. Dünən gecə İstanbul və Ankarada atışmalarda həlak olanların sayı 194 nəfərə, yaralananların sayı isə 1154 nəfərə çatıb.
Ermənistanda da eyni hadisə olub.
Türkiyənin parçalanmasını, dövlət kimi yox olmasını istəyənlər sevinsələr də, sonradan pərişan qalıblar.
Qardaş ölkədə nən baş verib? Daha doğrusu, nələr yaşanır?
Polkovniklər oyunçu, generallarla admirallar müəllif
"Türkiyədə hərbçilərin qiyamının bilavasitə rəhbərinin kimliyi artıq bəllidir. O, polkovnik Muharem Koşedir.
Koşenin yardımçıları isə polkovnik Mehmet Oğuz Akkuş, mayor Erkan Aqın və polkovnik-leytenant Doğan Uysaldır.
Koşe Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında hüquq müşaviri idi".
Bu xəbər mediada yayılıb. Fəqət, çevriliş cəhdinin polkovnik tərəfindən hazırlanaraq gerçəkləşdirilməsimə inanacaq qədər sadəlövh olmayaq.
İstanbul və Ankarada indiyədək həbs olunan hərbçilər arasnıda generallarla admirallar az deyil.
Jandarma Akademiyaları komandanı Sadik Köroğlu, 3-cu ordunun qərargah rəisi Ekrem Çağlar, Hataydakı 39-cu mexaniki piyada diviziyasının komandiri, general Hasan Polat, 58-ci diviziyanın komandanı Murat Akgün, habelə admiral Atilla Demirhan və polkovnik Sedad Arıcan səhər saatlarında həbs olunublar.
Dünən gecə saatlarında Türkiyədə hərbi çevriliş cəhdi başlanıb. Dövlət televiziyası olan TRT ələ keçirildi, İstanbuldakı Atatürk hava limanı bağlandı, İstanbul və Ankara küçələrinə tanklar yeridildi.
Ölkədə hərbi vəziyyət və komendant saatı elan olunub.
Çevriliş etmək istəyən hərbçilər dedilər ki, sən demə, "Türkiyədə demokratiyanın müdafiəsi" onların başlıca məqsədidir.
"Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində ölkədə avtoritarizm, diktatura bərqərar olub, insan haqları sürəkli pozulur, dövlətdə isə dünyəvilik prinsipləri zəifləyir", - hərbi xuntanın bəyanatında deyilirdi.
Həmin hərbçilərin dediklərinə görə, Türkiyəni "Sülh Şurası" idarə edəcəkmiş: "Dinindən, irqindən və danışdığı dildən asılı olmayaraq bütün vətəndaşlarımıza təhlükəsizlik vəd edirik".
Beləliklə, Türkiyədə yaşananların bir-iki polkovnik və üç-dörd mayorun hazırlayaraq həyata keçirdikləri ssenari olmadığı aşkarlandı. Ən azı ona görə ki, bu rütbədəki hərbçilər heç bir halda minlərlə əsgəri, kiçik rütbəli zabitləri küçərə çıxara bilməzdi.
Çevriliş cəhdinin planı da yaxşı hazırlanmışdı
Türkiyə Böyük Millət Məclisi və prezident iqamətgahı binalarından sonra telekanallar, Ali və Konstitusiya Məşkəmələri, radiostansiyalar, hava limanları ələ keçirilməli idi.
Hərbçilərin yenidən siyasətə qarışmaları, siyasəti nizama salmaq istəkləri göz qarşısında idi.
Türkiyə yenidən hərbi çevriliş və basınında qıvrılmağa məhkum olunmaq astanasında idi.
1997-ci ildəki hərbi çevrilişin liderlərindən biri general Çevik Bir ölkənin silahlı qüvvələrinin siyasətdə çəkisi, yeri və rolundan danışanda demişdi:
"Türkiyədə İslamla demokratiya arasında nikah var. Bu nikahın övladı dünyəvilikdir. Bəzən bu övlad xəstələnir. Türkiyə ordusu da həmin uşağı xəstəlikdən xilas edən həkimdir. Xəstəliyin ağırlıq səviyyəsindən asılı olaraq dərmanlara əl atırıq, uşağı sağaltmağa çalışırıq".
Kenan Evrenin dönəmindən Türkiyədə hərbçilər özlərini çağdaş Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün yaratdığı dünyəvi quruluşun son qalası, son səngəri sayırlar.
Ötən əsrdə ordu tam 4 dəfə hökumətləri devirib və hər dəfə də generallar bəyan ediblər ki, vəzifəsindən qovulan, tutulan, bəzən də asılan siyasətçilər Atatürk irsinə xəyanət ediblər.
Son belə çevriliş 1997-ci ildə olmuşdu: həmin vaxt baş nazir Nəcməddin Ərbakanın hökuməti "ifrat islamçılıq"da suçlanmışdı.
İndi də ordu daxilindəki qruplaşmalar Türkiyənin mövcud iqtidarına kəskin, radikal müxalifətdə duran, Ərdoğana düşmən kəsilən strukturlarla birləşərək hakimiyyəti zorla, silah gücünə dəyişməyə çalışıblar.
Türkiyədə və Azərbaycandakı sosial şəbəkələrdə olayları şərh edənlərin psevdoanalitik yazılarına, açıqlamalarına və fikirlərinə rəğmən olaylar oyun deyildi.
Hər şey sadədir. Hətta çox sadədir
Türkiyə ordusunda və siyasətində bir dəstə avantürist, həqiqətən də, silahlı qiyama, üsyana əl atdılar. Onlar əvvəlcədən məğlubiyyətə məhkum olsalar da, geri çəkilmək istəmirdilər və əslində, belə imkanları da yoxdu.
Çünki bu adamlara "Sonadək irəli!" əmri verilmişdi, prosesi axıra çatdırmaq tapşırılmışdı və təbii ki, vədlər də verilmişdi.
"Baş verənlərin arxasında Ərdoğan durur, o, orduda və siyasətdəki radikal müxalifətin son düşərgəsini müəyyənləşdirib zərərsizləşdirməyə çalışdı" deyənlərsə, deyəsən, Türkiyənin çağdaş siyasi mənzərəsindən bixəbərlərdir.
Bəli, çevriliş alınmadı, qiyam baş tutmadı, üsyana qalxanlar tutuldular.
5 general və 29 polkovnikin paqonları sökülüb, onlar qiyamda suçlanıblar.
İlk baxışdan situasiya sakitləşib.
Fəqət, belə deyil.
Yeni qiyam ola bilər
Türkiyədə demokratik və legitim hakimiyyəti devirmək istəyənlər sakitləşən deyillər. Əfsuslar olsun ki, belədir.
Türkiyəyə rəğbəti ilə seçilməyən böyük media strukturları, müxtəlif ölkələrdəki fərqli "türk dostu" siyasətçilər, sanki, eyni mərkəzdən idarə olunurmuş təki bir cümləni mantra kimi təkrarlayırlar: "Türkiyədə hərbçilər demokratiya üçün ayağa qalxdılar".
Bu cümlədəki kazuistika çox hiyləgərdir, amma bəsitdir.
Hansı hərbçilər, nə cür demokratiya?!
Türkiyədə yaşananlar göstərdi ki, hakimiyyəti devirməyə çalışan, özlərini xunta sayanlar, əslində, təfərrüatlı fəaliyyət planı və müfəssəl göstərişlər almalarına rəğmən çox pis hazırlanmış, ordunun içində dayaqları olmayan bir dəstə insandı.
Gecə saatlarında yüz minlərlə insanın küçələrə çıxaraq hərbçilərin qarşısını kəsməsi, dövlət qurumlarının binaları ətrafında əl-ələ verərək "canlı sipər" qurmaları, ən başlıcası isə prezident Rəcəb Tayyib Ərdoağının "Ölkəni və vətəni qorumaq üçün hamı meydanlara, limanlara!" çağırışına səs vermələri xalqın kimin tərəfində olduğunu göstərdi.
Küçələrə çıxan, hakimiyyəti qorumaq üçün qiyamçılara sinə gərən, qanlarından və canlarından keçən insanlar sübut etdilər ki, Türkiyədə ən böyük güc xalqdır və oxalqa çətin durumda müraciət edən Rəcəb Tayyib Ərdoğanı siyasi mənsubiyyətindən, hakimiyyətə rəğbətindən asılı olmayaraq milyonlar dəstəkləyir.
O xalq isə bir dəstə qiyamçını, siyasətçini, avantüristi, çevrilişçini qəbul edən deyil, etmədi də.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın müxalifləri, iqtidardakı AKP-yə qarşı çıxanlar belə, hakimiyyət dəyişikliyinin yalnız demokratik yolla, konstitusion vasitələrlə olacağını, çevriliş və qiyamın yolverilməzliyini göstərdilər.
Şərqlə Qərbi birləşdirən fəsadlı plan
Türkiyədə gecə saatlarıqda başlanmış silahlı qiyam çox yaxşı hazırlanmış ssenari olsa da, "ifaçılar"ın diletantlığı və hazırlıqsızlığı ucbatından çevriliş baş tutmadı. Artıq bəlli olan təfərrüatları, yayılan xəbərləri, hadisələrin cərəyan etdiyi məcraların istiqamətlərini təhlil etsək, ortaya mozaikanın parçalarının bir yerə yığıldığı təki mənzərə çıxır.
O mənzərə çox qorxuncdur.
Türkiyədəki çevriliş planında qiyamçı hərbçilər əsas yox, ikinci dərəcəli rolda idilər. Əsas rol isə Rəcəb Tayyib Ərdoğan iqtidarını devirmək istəyən və bunun üçün illərdən bəri çalışan siyasi güclər, maliyyə qruplaşmaları və Türkiyəni tam nəzarət altına almağa can atan ölkələrdir. Onların səylərini təmərküzləşdirərək çevrilişə nail olmaq cəhdlərinin ilkin mərhələsində Türkiyənin cənub-şərq bölgələrində kürdlərin terrorçu PKK təşkilatı hücumlara başlamalı, polis idarələrini və əsgər qışlalarını vurmalı, şəhərlərdə teraktlar törətməli, xaosa nail olmalıydı.
Qiyamçı hərbçilərin hərəkətə gəlməsi ilə sinxron atılacaq bu addımlar üçüncü mərhələdə "xalq dəstəyi"nə nail olmaqla sonuclanmalı, axırda da xunta hakimiyyətə gəlməliydi. Özlərini "siyasi güc" kimi təqdim edən Fətullah Gülən tərəfdarları ilə terrorçu PKK arasında da əcaib simbioz yaratmışdı: zahirən bir-birlərinə düşmən olduqlarını deyən, amma aralarında sıx bağların mövcudluğu barədə iddiaların səngimədiyi "paralel yapı"lı Gülən ardıcılları ilə terrorçular dil tapmışdılar.
Hakimiyyəti qəsb etmək üçün və bu yolda onların bəlli ölkələrdən dəstək almadıqlarına yalnız osmanlı türkləri demişkən, "tam saf" insanlar inana bilər.
Alınmadı
Məsələ Türkiyədə xalqın siyasi baxışlarında, hakimiyyətə və ya müxalifətə münasibətində deyil. İş ondadır ki, Türkiyədə həmişə demokratiya qalib gəlir.
Xalq bu çevriliş cəhdini, bir-iki taburun dövlət binalarına hücum çəkməsini, telekanalları basmasını, insanları atəşə tutmasını özünə təhqir saydı.
Türkiyədə xalq seçir və seçilir. Qiyamçılar isə bu hüququ və imkanı xalqdan almaq istədilər.
Türkiyə Böyük Millət Məclisinin binasına raket zərbələri endirən vertolyotu görəndəsə ankaralılar birmənalı olaraq dedilər: "Qiyama yox!"
Türkiyə vətəndaşları üçün parlamentin binasının bombardman edilməsi faciəvi olsa da, dağıntı deyildi - yox, bu insanların seçiminə, demokratiyaya zərbə idi.
Türkiyə də bunu qiyamçılara bağışlamadı.
Kimsəyə də bağışlayan deyil.
Və sonda...
İstənilən ölkədə silahlı qiyamın, üsyanın, çevrilişin yatırılması dövlət idarəetməsinin güclü olduğunu, dövlətçiliyin baş tutduğunu göstərir.
Xalq hakimiyyəti dəstəklədi, dövlət idarəetmə mexanizmlərində də parçalanma olmadı.
Türkiyə çox ağır sınaqdan üzüağ çıxdı - demokratiya üçün demokratiyanı vuran üzüqaralara rəğmən...
Elçin Alıoğlu
Milli.Az