Şahin Mustafayevin nazirliyinin absurd məntiqi
12:19 09-01-2016
CƏMİYYƏT
İqtisadiyyat və Sənaye Nazirliyi özünü təkzib etməyə başladı
Azərbaycanda siqaretlərin pərakəndə satış qiyməti yenidən artıb. Birinci artım isə dekabrın 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra olmuşdu.
Paytaxtın ticarət mərkəzlərində aparılan müşahidələr göstərir ki, metronun "28 May" stansiyasının yaxınlığındakı əsas topdansatış mərkəzlərində siqaret satışı dayandırılıb.
Topdansatış mərkəzinin satıcısı Aydın Məmmədov bildirib ki, firmalar dünən səhərdən qiymət artımı ilə bağlı məlumat veriblər: "Qiymətlər təxminən 20-50 qəpik arasında dəyişir. Yəqin ki, yaxın zamanlarda şərab, araq və pivələrin qiyməti də artacaq. Çünki siqaret bahalaşan kimi spirtli içkilərin qiyməti də dəyişir".
Topdansatış mərkəzinin digər satıcısı Nəsib Alıyev dünən sifariş qəbul edildiyini dedi: "Qiymət dəyişəndən sonra müəyyən çaşqınlıq yaranır. Amma sifariş verə bilmirik. Ümid edək ki, bu sonuncu addım olsun. Dollar 2 manatadək bahalaşarsa, yenidən qiymət artımına gedəcəklər".
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki bütün mağazalarda siqaret satışı dayandırılıb. Mağazaların vitrinindən siqaretlər yığışdırılıb.
Mağazanın satıcısı Səbinə Hüseynova firmaların bu gün siqaret gətirmədiyini dedi: "Bu gün (dünən - red.) siqaret gətirməyiblər. Qiymətlər tam müəyyənləşəndən sonra satış olacaq. Bizə təxminən 18-20 faiz bahalaşma olacağını dedilər. Hələlik gözləyirik".
"Arzum" mağazasının satıcısı da siqaret satmadıqlarını söylədi: "Biz siqaret satışını dayandırmışıq. Sabah satılıb-satılmayacağını da bilmirik".
Siqaret bahalaşandan sonra əksər köşklər də satışı dayandırıb. Bəzi köşklərdə isə yeni qiymətlər tətbiq edilir.
"28 May" küçəsindən Nizami küçəsinə qədər 6 köşk var. Siqaretlərin tək-tək satışı 30-35 qəpiyədir. Qiymətlər isə 50-60 qəpik bahalaşıb.
Metronun "28 May" stansiyasının qarşısındakı köşkün Əli adlı satıcısı qiymət artımının alıcılar tərəfindən narazılıqla qarşılandığını dedi: "Alıcılar elə bilirlər ki, qiymətləri biz artırmışıq. Çoxu narazılıq edirlər, hətta söyənlər də var. Artıq alıcı qıtlığı hiss olunur".
"Winston Classik" 50 qəpik bahalaşaraq 3 manat 20 qəpik olub. "Davidoff" 3 manat 50 qəpik, "Davidoff"-qalın 3 manat 80 qəpik, "West" 2 manat 60 qəpikdən satılır. "Kent" siqaretləri 3 manat 50 qəpikdən - 4 manatadəkdir. "Viceroy" siqaretlərinin qiyməti 1 manat 50 qəpik- 2 manat 20 qəpik arasında dəyişir.
"Neptun" marketin Nəsimi şöbəsində siqaret satışı var. Lakin vitrində qiymət vurulmayıb. Siqaretlərin yeni qiymətlə satıldığı yalnız alış zamanı məlum olur.
Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyi isə siqaretin bahalaşması ilə bağlı absurd sayıla biləcək açıqlama yayıb. Sitat: "Tütün məmulatlarının satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında formalaşır".
Bəs absurd nədədir? Əvvəla, nazirlik əvvəlki bahalaşmalarda qiymət artımını süni səbəblərlə izah edirdi. Birdən- birə nə baş verdi ki, indi "bazar iqtisadiyyatının prinsipləri" yada düşdü?
İkincisi, bir halda ki, tütün məmulatlarının satış qiyməti tələb və təklif əsasında formalaşır, onda niyə digər qiymət artımları ilə bağlı da oxşar səbəblər göstərilmir, əksinə, ya bahalaşma tamamilə inkar olunur, ya da süni qiymət artımı kimi təqdim edilir?
Üçüncüsü, Şahin Mustafayevin nazirliyi niyə açıqlamaq gərəyi duymur ki, məlum bahalaşmada ölkədə hökm sürən inhisarçılığın da hər hansı rolu var, ya yox?
Göründüyü kimi, tütün məmulatlarının qısa vaxtda fantastik bahalaşması və Mustafayevin nazirliyinin məsələyə münasibəti ilə bağlı ortaya eyni suallar çıxır. Həmin suallara konkret və birbaşa cavablar verilməyənədək hər cür qiymət artımını yaradan səbəblər ətrafında ciddi şübhələr dolaşmağa davam edəcək.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15