2016-cı il Qarabağ danışıqlarına nə vəd edir?
12:38 12-01-2016
CƏMİYYƏT
Münaqişənin tənzimlənməsi ilə bağlı gözləntilər haqda qeydlər
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 2016-cı ildə fəaliyyətimizi intensivləşdirməliyik: "Tərəflər buna hazır olduqlarını bildirirlər. İndi deyilsə, bəs nə zaman?" Ümumiyyətlə, Uorlikin fikirlərində ciddi informasiya varmı və 2016-cı ildə münaqişənin həlli istiqamətində hansısa irəliləyiş gözləniləndirmi?
"Unikal" qəzeti Uorlikin fikirləri ilə bağlı mətbuata açıqlama vermiş siyasi şərhçilərin proqnozlarını təqdim edir. Məsələni şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görülməyəcək. Onun sözlərinə görə, irəliyə addım üçün zəmin lazımdır ki, bu da yoxdur: "Azərbaycanla Ermənistanın da bu məsələdəki hazırki mövqeyi daban-dabana ziddir, heç cür uzlaşmır və niyyət də yoxdur. Ən əsası isə bölgənin ağası olan Rusiya heç bir dəyişiklik istəmir. Digər tərəfdən, hər hansı bir dəyişiklik Azərbaycan və Ermənistan prezidentlərindən asılı deyil".
Politoloq həmçinin müharibə ehtimalının da olmadığını dedi: "Əlbəttə ki, müharibə ehtimalı yoxdur. Ürəyinizi buz kimi saxlayın. Azərbaycan xalqına vətən torpağı lazım deyil. Əsas məsələ dolların qiymətidir".
Millət vəkili Rövşən Rzayevin fikrincə isə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 2016-cı ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm il olacağı ilə bağlı söylədikləri reallığı əks etdirir. Onun sözlərinə görə, bizlər Azərbaycanın ərazi bütövlüyünün hər an təmin olunmasını gözləyirik: "Təbii ki, bu istiqamətdə də mühüm işlər aparılır. Ona görə də hər an gözləmək olar ki, həqiqətən də Azərbaycan öz ərazi bütövlüyü problemini həll edə bilsin. Yəni bu, mümkün olan məsələlərdir. Rəsmi Bakı sülh yolu ilə özünün ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. Məhz buna görə də ölkəmiz bütün imkanlarından istifadə edir və edəcək də".
Politoloq Tofiq Abbasov isə vurğulayıb ki, vaxtaşırı ümidverici bəyanat və vədlər verməklə Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv fon yaratmağa çalışır.
Onun sözlərinə görə, amerikalı həmsədr Azərbaycana təlqin edir ki, Minsk Qrupuna alternativ yoxdur: "Vəziyyətə diqqətlə yanaşdıqda göz önündə isə tam əks mənzərə yaranır. Əvvəla, siyasi nizamasalma prosesini tam dalana dirənmiş kimi səciyyələndirmək olar. Faktik olaraq, tənzimləmə prosesi təsadüflər amili ilə müşahidə olunur". Politoloq əlavə etdi ki, prezidentlərin Bern görüşündən sonra həmsədrlər nikbin yanaşma sərgiləyib bildirdilər ki, guya təmas xətti boyunca baş verən insidentlərin qarşısını almaqdan ötrü nəzarət mexanizminin yaranması real görünür: "Eləcə də vasitəçiliklə məşğul olan diplomatlar bildirdilər ki, nizamlama prosesində dönüşün yaranmasına imkanlar yarana biləcək. Reallıqda isə heç nə dəyişilmir. Bern görüşündən dərhal sonra da Ermənistan sərhədlərdə atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etdi. Yəni münaqişəni törətmiş işğalçı ölkə dağıdıcı kursundan əl çəkmir. Hər gün erməni təxribatları müxtəlif nöqtələrdə baş verir və bu ondan xəbər verir ki, rəsmi İrəvan nizamasalma prosesini hədəfə alıb ki, onu birdəfəlik iflic etsin.
Belə fonda hansısa müsbət dönüşdən danışmaq ən azı mənasızdır. Əgər baş verənlər, real vəziyyət erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına dəlalət etmirsə, onda necə Qarabağ münaqişəsinin həllini proqnozlaşdırmaq olar? Əlbəttə ki, xülyalara qapılıb bunu təxmin etmək mümkündür. Reallıq isə tərs mütənasib vəziyyəti canlandırır".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, ABŞ Dağlıq Qarabağ tənzimlənməsində işini Ermənistanın işğalçı Qarabağ siyasətinə dəstək vermək üzərində qurub: "Amerikalı həmsədr Uorlikin Azərbaycanın xeyrinə bir-iki bəyanatı konkret olaraq həmin şəraitdə verilmiş bəyanatlardır. Uorlik ABŞ-ın Dağlıq Qarabağ siyasətini ermənilərə dəstək siyasəti kimi başa düşür və bu qaydada reallaşdırır. Uorlik ABŞ-ın Dağlıq Qarabağ siyasətinin müəllifi olmasa da, əsas icraçısı və koordinatorudur. Məhz o səbəbdən ABŞ Konqresi Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqeyini günü-gündən gücləndirir". M.Əhmədoğlu qeyd edib ki, Uorlik ABŞ Konqresində Dağlıq Qarabağın müstəqilliyinin qeyd olunmasına icazə verir, digər tərəfdən, ABŞ-ın Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bildirir: "Ona görə, indi konqresdə erməni işğalçılığını möhkəmləndirən ideyanı 85 konqresmen dəstəkləyir.
ABŞ konqresmenləri hətta özlərinin 1989-cu ildə qəbul etdikləri qətnamə ilə tanış olmaq niyyətində deyillər. Tanış olsaydılar ermənilərin onları necə aldatdıqlarının sübutları ilə tanış ola bilərdilər. ABŞ Konqresində Dağlıq Qarabağ tənzimlənməsinə dair ermənilərə dəstəkdən başqa heç bir fikir yaxın buraxılmır..."
Elvin
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15