Dolları süni şəkildə bahalaşdıran banklar prokurorluğa cavab verməli olacaq
12:42 12-01-2016
CƏMİYYƏT
Prezidentin iradından sonra müvafiq qurumlar hərəkətə keçdi: özəl bank sektorunda araşdırma aparılır
Bütün dünyada baş verən iqtisadi proseslər ölkəmizdən də yan keçmir. Bu baxımdan Azərbaycan manatının devolvasiyası, ABŞ dollarına nisbətdə dəyərdən düşməsi müəyyən iqtisadi çətinliklər yaradıb. Neftin dünya bazarında gözlənilməz ucuzlaşması isə vəziyyəti bir qədər də dramatikləşdirir.
Ölkə prezidenti İlham Əliyevin də vurğuladığı kimi neftin dünya bazarında ucuzlaşması, habelə digər maliyyə proseslərinin heç bir iqtisadi əsası yoxdur və baş verənlər sırf siyasi mahiyyət daşıyır. Belə ki, dolların bahalaşması, neftin ucuzlaşması süni xarakter daşıyır və bundan bəzi dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək planlaşdırılıb. Odur ki, yaşananları həm də Azərbaycan dövlətinə və xalqına qarşı təxribat adlandırmaq daha düzgün olardı. Amma bu təxribatçılar təkcə ölkənin xaricindədirmi?
Təəssüf hissiylə bildirməliyik ki, müşahidə olunan qlobal iqtisadi böhrandan yararlanmağa çalışan daxili təxribatçılar da mövcuddur. Hər halda baş verənlərin təhlili belə düşünməyə əsas verir. Bu baxımdan təkcə bir məqam üzərində dayanmaq yetərlidir ki, Mərkəzi Bankın manatın ABŞ dollarına qarşı tətbiq etdiyi məzənnə bir çox hallarda özəl banklar tərəfindən nəzərə alınmır, onlar fürsətdən yararlanmaq məqsədilə dolları istədiyi qiymətə satmağa cəhd göstərirlər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bir müddət öncə valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib. Məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi. Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4% kənarlaşa bilər. Amma Mərkəzi Bankın bu tələbinə necə riayyət olunur?
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı məlum devolvasiyadan sonra dolların məzənnəsində ciddi dəyişikliyə getməyib. Belə ki, AMB USD/AZN rəsmi məzənnəsini 1,5642 səviyyəsində müəyyən edib. Belə olan halda özəl bankların 1 ABŞ dollarını 1.80. bəzi hallarda isə daha baha qiymətə satışa çıxartması necə anlaşılmalıdır. Axı, yuxarıda da qeyd etdiyimiz kimi Mərkəzi Bank banklara göstəriş verib ki, onun təqdim etdiyi məzənnədən cəmi 4 faiz kənarlaşa bilərlər? Amma göründüyü kimi, bəzi banklar bu tələbə əhəmiyyət vermədən daha çox qazanmaq və yaranmış fürsətdən daha varlı çıxmaq yolunu tutublar.
Bu isə istənilən halda ictimai narazılıq yaradır, vətəndaşlar arasında panikanın yayılmasına rəvac verir. Bəzi özəl bankların bu addımını isə prezident İlham Əliyevin yürütdüyü siyasətə qarşı təxribat adlandırmaq olar. Onların daha çox qazanmaq acgözlüyü nəticə etibarilə hakimiyyətin yürütdüyü siyasətə qarşı yönəldiyindən bu kimi addımların yerindəcə cəzalandırılması zərurəti yaranıb.
Nazirlər Kabinetinin sonuncu toplantısında bu məsələyə də toxunan prezident İlham Əliyev həmin işbazlara xəbərdarlığını da etdi. Prezident kimlərinsə fürsətdən sui-istifadə cəhdlərini qınayaraq bu kimi hallara qarşı barışmaz olacağını bildirib: "Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun".
"Unikal" qəzetinə daxil olan məlumatda isə bildirilir ki, prezidentin bu çıxışından sonra özəl bankların fəaliyyəti ciddi şəkildə nəzarətə götürülüb. Belə ki, AMB-nin tətbiq etdiyi məzənnədən ciddi kənarlaşmalarla bağlı bütün məlumatlar Respublika Prokurorluğuna təqdim olunacaq və bunun əsasında da müvafiq araşdırmalara başlanacaq. Ümid edirik ki, məhz bu tədbirlərdən sonra işbazların fəaliyyət dairəsi nəzərə çarpacaq dərəcədə daralacaq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15