Məmurların böyük ixtisar dalğası gözlənilir
11:23 13-01-2016
CƏMİYYƏT
Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin 30 faizi ixtisara salına bilər
Neftin qiymətinin bir il ərzində 3-4 dəfə düşməsi ilə Azərbaycanın üzləşdiyi çətinliklər əslində ölkə iqtisadiyyatının inkişafı və daha rəqabətqabiliyyətli olması ilə nəticələnə bilər.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı İlham Əliyev, əslində, Azərbaycan ekspertlərinin çoxdan sadaladığı problemləri dilə gətirib. Prezident bu sahələrdə vəziyyətin tezliklə düzəldilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısının vurğuladığı əsas nöqsanlardan biri büdcədən maliyyələşən idarələrdə lazımsız iş yerlərinin açılması ilə bağlı olub. İlham Əliyev struktur islahatların aparılmasının həddindən vacib olduğunu vurğulayıb: "Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq".
Ölkə başçısı bəzi sektorlarda aparılan islahatlar nəticəsində işsiz qalacaq mütəxəssislərin məşğulluğu üçün açılmalı sektorları da göstərib: "İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar".
İlham Əliyev iqtisadiyatın şaxələndirilməsini dərinləşdirmək üçün yatırılan sərmayələrin səmərəliliyinin yoxlanmasının vacibliyini qeyd edib. İnformasiya-kommunikasiya texnologiyaları sektorunu misal kimi göstərən ölkə başçısı qiymətlərin şişirdilməsi yolu ilə bu sahəyə yatırılan sərmayələrin xeyli hissəsinin mənimsənildiyini bildirib: "Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov ANS PRESS-ə müsahibəsində, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru ilə yanaşı Azərbaycan iqtisadiyyatının digər prioritet inkişaf sahələrinin olduğunu deyir: "Son bir neçə ildə İKT sektoruna 2 milyard dollara yaxın sərmayə qoyulub. Bu sektordan gəlirlər ildə 250 milyon dollar səviyyəsində qiymətləndirilir. Yəni yatırılan sərmayələrin 10 il müddətinə geri qaytarılması nəzərdə tutulur. Amma bundan da rentabellilik göstəricisi yüksək olan sahələrimiz var".
İSİM rəhbəri belə sahələr kimi Azərbaycan üçün ənənəvi olan aqrar sektoru və yüngül sənaye sahələrini göstərib: "Əgər Azərbaycan pomidor sataraq valyuta əldə edə bilirsə, bunu gerçəkləşdirmək lazımdır. Düşünürəm ki, sərmayələr aqrar sektora yatırılsa, daha rentabelli ola bilər".
Xarici ticarət üzrə statistik göstəricilər də bu fikri təsdiqləyir. Statistikaya görə, 2015-ci ildə Azərbaycandan 312 milyon dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilib. Əgər bu illər ərzində aqrar sektora daha çox sərmayə yatırılsa idi, əldə edilən vəsaitlər daha çox olardı.
Hər halda, Mərkəzi Aran bölgəsində 400 min hektara yaxın keçmiş pambıq sahəsi son 10-15 ildə əkilmədiyindən şoranlaşıb. 1982-ci ildə 1 milyon ton pambıq yetişdirilmiş Azərbaycanda hazırda istehsal 40 min tonu keçmir.
Hesablamalara görə, Azərbaycanın daxili tələbatını təmin etmək üçün ən azı 300 min ton pambıq yetişdirilməlidir. Ölkədə pambıq emalının və uyğun olaraq toxuculuq sahəsinin təşkili yüz milyonlarla dollara qənaətlə yanaşı, həm də regionlarda minlərlə yeni iş yeri deməkdir.
Vüqar Bayramov ölkəyə valyuta gətirilməsi baxımından da pambıqçılığı çox önəmli sayır: "Düşünürəm ki, hökumət şoranlaşmış sahələrdə pambıq əkinlərinin bərpasına çalışmalıdır. Dünya bazarında pambıq ən etibarlı valyuta mənbələrindən biri sayılır."
Əslində, əlverişli coğrafi şəraitə malik Azərbaycan həm də ərzaq istehsalı sahəsində özünü təmin etmək üçün hər il yüz milyonlarla dollar vəsait xərcləyir. Ölkədə istehsalı mümkün olan kərə yağı, bitki yağları, çay, şəkər tozu və ərzaq buğdası, həmçinin tütün müəyyən hissəsi xaricdən gətirilir. Rəsmi məlumata görə, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün indiyə kimi bütövlükdə 914 milyon manat, yəni orta hesabla ildə 115 milyon manat vəsait ayrılıb. Yəni mövcud imkanlarımız daha çox sərmayə yatırmaq üçün daha çox sahələrin olduğunu ortaya çıxarır.
Ölkə başçısının toxunduğu struktural islahatlarla bağlı isə İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildirilir ki, ölkədə mövcud olan 44 dövlət qurumunun sayı iki dəfəyə qədər azaldıla bilər. Həmçinin büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin 30 faizi ixtisara salına bilər ki, bu da dövləti yalnız həmin işçilərin maaş yükündən deyil, həm də ofis və xidməti avtomobil və s. xərclərindən də xilas edə bilər.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00