Kəbirə Məmmədova "Binə"dəki sahibkarları "əzir"
12:11 19-01-2016
CƏMİYYƏT
Ticarət Mərkəzinin sahibi dükan sahiblərini çətin vəziyyətdə qoyub
Ötən ilin sonlarında, daha dəqiq desək, dekabrın 21-də manatın ikinci dəfə və daha kəskin şəkildə devalvasiyasından sonra "Binə" ticarət mərkəzində də alver "ölüb". Həmin vaxtdan indiyədək yüzlərlə mağazanın qapısına qıfıl vurulub.
İkinci devalvasiya qərarının ardından bir qrup sahibkar ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovadan icarə haqqının azaldılmasını tələb edib. Əks halda ticarət mərkəzində alverin tamamilə dayanacağı elan olunub.
Bəzi satıcılar bildiriblər ki, böyük ehtimalla onlar tezliklə icarəyə götürdükləri mağazanı təhvil verəcəklər. Onların sözlərinə görə, kifayət qədər yüksək rəqəmlərlə ifadə olunan icarə haqqı verir, Vergi, Sosial Müdafiə Fonduna ödəniş, işıq pulu və digər xərclər üçün də fantastik məbləğdə pulları çıxır. Hələ üstəlik, mühafizə üçün də pul yığırlar. Sahibkarları ən çox o yandırır ki, hər gün işə gələndə 1 manat pul verirlər: "Dünyanın hansı yerində işləyənlər giriş-çıxışda pul ödəyir? Hansı iş yerində tualetə görə pul alınır?"
"Unikal"ın araşdırmasına görə, "Binə"də olan əksər obyektlərin sahəsi 40 kvadratmetrdir. Ticarətçilər bu ölçüdə olan obyekt üçün 3500 manat aylıq ödəniş edirlər. Bunun 2500 manatını icarədara icarə haqqı olaraq verilir. 1000 manatı isə "Binə"yə yer pulu, vergi kimi ödənilir. Ən təəccüblüsü isə odur ki, buradakı obyektlər sığortalanmayıb. Dəfələrlə bu ticarət mərkəzində yanğın baş verib və məhsulları yanan ticarətçilərə kompensasiya ödənilməyib. Obyektlərə elektrik sayğacları da yerləşdirilməyib. "Binə" rəhbərliyi hər bir obyektdən 90 manat "işıq pul"u yığır. Bu isə həm qanunsuzluqdur, həm də soyğunçuluq.
Sahibkarlar icarə haqqının azaldılması üçün müraciət etsələr də, Kəbirə Məmmədov hələlik bu məsələ ilə bağlı susur. Belə aydın olur ki, "Binə" Ticarət Mərkəzinin sahibi icarədarların haqlı tələblərini eşitmək istəmir, eşitsə belə, həmin tələblərə uyğun addımlar atmaq fikrindən çox uzaqdır. Bu isə faktiki olaraq, çoxsayda sahibkarın incidilməsi, onların hökumətdən narazı salınması deməkdir.
Artıq mövcud vəziyyətlə barışa bilməyən və düşdükləri dözülməz duruma görə Kəbirə Məmmədovanın etinasız münasibətindən cana yığılan "Binə" Ticarət Mərkəzinin satıcıları etiraz aksiyalarına başlayıblar. Növbəti belə aksiya dünən keçirilib. Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.
Şikayətçi sahibkarların verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik".
Göründüyü kimi, Kəbirə Məmmədovanın sahibkarların haqlı tələblərinə vaxtında doğru reaksiya verə bilməməsi "Binə" Ticarət Mərkəzində vəziyyəti mürəkkəbləşdirib. Ən pisi isə odur ki, artıq satıcıların etiraz aksiyalarına əl atmaqdan başqa yolu qalmayıb.
Halbuki ölkə başçısı İlham Əliyev son vaxtlar öz çıxışlarında dəfələrlə və konkret şəkildə vurğulayıb ki, sahibkarlığın inkişafı Azərbaycan hökuməti üçün prioritet məsələdir. Dövlət rəhbəri sahibkarların incidilməsinə də kəskin münasibət bildirib, belə halları yolverilməz adlandırıb, həmin hallara qarşı sərt cəza tədbirlərinin həyata keçiriləcəyini bildirib.
"Binə" Ticarət Mərkəzinin rəhbərliyinin davranışlarından isə belə aydınlaşır ki, orada ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı tapşırıq və xəbərdarlıqlarından ya xəbərsizdirlər, ya da Kəbirə Məmmədova faktiki olaraq, ölkə başçısının iradəsinə qarşı çıxır.
İndi maraqlı olan odur ki, "Binə" rəhbərliyinin ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlara qarşı haqsız münasibəti nə qədər davam edəcək. 2013-cü ildə bu cür münasibət orada ciddi etirazların baş qaldırmasına gətirib çıxarmış, yalnız polis müdaxiləsindən sonra həmin etirazları önləmək mümkün olmuşdu. Yoxsa Kəbirə Məmmədova istəyir ki, həmin xoşagəlməz hadisələr yenidən təkrarlansın?!
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33