Ermənistanın Avropa perspektivləri varmı?
12:12 19-01-2016
CƏMİYYƏT
İşğalçı ölkə ilə ilə Aİ arasında yeni çərçivə razılaşması ilə bağlı danışıqlar gedir
İrəvanda "Avropaya ümidlər" yenidən baş qaldırmağa başlayıb. Bu dəfə bu iş Avropa İttifaqının Ermənistanda akkreditasiya olunmuş nümayəndələrinin "dəstəyilə" ilə baş tutub.
Belə ki, ötən ilin son günlərində İsveç Krallığının Ermənistandakı müvəqqəti işlər vəkili Marten Enberq NEWS.am saytına müsahibəsində Ermənistanın Avropa üçün əhəmiyyətindən danışıb. O, Ermənistanın Avropa ölkəsi olduğuna şübhə etmədiyiini deyib. Diplomat bildirib ki, Ermənistanın böyük insan kapitalı və potensialı var və bu, onun Avropaya, o cümlədən İsveçə yaxın olmasına imkan verir. Enberqin sözlərinə görə, Ermənistanın çox spesifik coğrafi mövqeyi var. "O, Avropa üçün maraqlı olan bir sıra ölkələrin arasında yerləşir. Lakin Ermənistanın özünün də bir çox maraqlı xüsusiyyətləri var", - deyə Enberq qeyd edib. Diplomat bildirib ki, İsveçin artıq Ermənistanla əməkdaşlıqda böyük müsbət təcrübəsi var. "İsveçdə, təxminən, 12 min erməni əsilli şəxs yaşayır. Onlar ölkənin ictimai həyatına kifayət qədər ciddi töhfələr verirlər. Ermənistanla İsveç arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Ermənistanın hələ reallaşdırmadığımız böyük potensialı var. Çərçivə razılaşması onu reallaşdırmağa kömək edəcək", - deyə Marten Enberq qeyd edib.
Bir neçə həftə əvvəl isə Ermənistanın Avropa perspektivləri haqda Litvanın bu ölkədəki səfiri Erikas Petrikas danışmışdı. O, İrəvan auditoriyasını əmin etmişdi ki, Avropa İttifaqı "heç yerə getməyib": Ermənistanla danışıqların aparıldığı 3,5 il böyük müddət, böyük təcrübədir. O, Ermənistanın ciddi addımlar atdığını düşünür: "Xanım Moqerini ilə nazir Nalbandyan arasında dekabrın 7-də başlamış danışıqlar yenilik yox, Ermənistanla əməkdaşlığımızın davamıdır. Litva hər zaman Ermənistanın dostu olub, onun yanında dayanıb. Biz "Şərq tərəfdaşlığı"nı, Ermənistanın ortaq nöqtələr tapmaq qərarını dəstəkləyirik. Bu, sadəcə, əməkdaşlığın davamıdır", - deyə Erikas Petrikas bildirib.
İndisə söhbətin nədən getdiyini nəzərinizə çatdıraq. Dekabrın 7-də Ermənistanla Avropa İttifaqı arasında çərçivə razılaşmasının hazırlanması üzrə danışıqlar bərpa olunub. Onun geniş sahəni əhatə edəcəyi bildirilir - iqtisadiyyatdan, ticarətdən tutmuş, təhlükəsizliyədək. Beləliklə, Aİ nümayəndələri tamamilə məntiqli olaraq, nikbin bəyanatlar səsləndirirlər.
Amma bir məsələ bu xoş mənzərəni korlayır. Təxminən, 2-3 il əvvəl də Ermənistanda bu cür "parlaq Avropa perspektivləri"ndən danışılırdı. İrəvan Aİ-nin Vilnüs sammitində qurumla Assosiativ saziş imzalamağa hazırlaşırdı. Amma paralel olaraq İrəvan AAİ-yə dəvət haqda da düşünürdü. Lakin onlar bir şeyi bilməmiş deyildilər: ölkənin bütün əhəmiyyətli müəssisələrinin, infrastruktur obyektlərinin Rusiya şirkətlərinə satıldığı bir şəraitdə İrəvan Avropaya real inteqrasiyaya ümid edə bilməz. Ermənilər isə daha hiyləgər "plan" haqda düşünürdülər: Ermənistanda ölkənin böyük siyasi dəyər daşıdığına əmin idilər. Bu üzdən də düşünürdülər ki, Moskva ilə Brüssel İrəvan uğrunda sanki siyasi hərrac quracaq, Ermənistana müxtəlif imtiyazlar, kreditlər və s. təklif edəcəklər. Reallıqda isə hər şey fərqli idi. Avropa Ermənistanı öz tərəfinə çəkməyə tələsmədi, Rusiya isə Avropaya inteqrasiyada ilk addımın neft və qazı "Avropa qiymətlərilə" almalı olacağına dair eyham vurmağa başladı. Nəticədə, elə Vilnüs sammiti ərəfəsində İrəvan Aİİ-yə qoşulmağa qərar verdi.
O zaman avropalıların məsələyə münasibəti birmənalı olmamışdı. Bir tərəfdən İsveçin ozamankı xarici işlər naziri Karl Bildt "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazmışdı: "Görünür, Ermənistan Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılması haqda danışıqları dayandırır və bunun əvəzində Rusiya ilə inteqrasiya edir. 180 dərəcəlik dönüş". Digər tərəfdən Vilnüsdə razılaşmanı imzalamağa razı salınmış Yanukoviçli Ukraynadan fərqli olaraq, Ermənistana sadəcə fikir verən olmamışdı.
Beləliklə, düşünmək olardı ki, Ermənistanın xarici siyasətdə 2013-cü ilin payızında etdiyi dönüşdən sonra "Avropa planları" haqda danışmaq belə, artıq olardı. Rusiya-Qərb münasibətlərinin pisləşməsi isə İrəvana eyni vaxtda iki stulda oturmaq şansı vermir.
Lakin İrəvan KİV-nin dekabrın ilk həftəsindən başlayaraq, xəbər verdiyi kimi, Ermənistan ilə Aİ arasında yeni çərçivə razılaşması ilə bağlı danışıqlar gedir. Bu, ermənilərin bir neçə il əvvəl imzalamaqdan imtina etdikləri sənədə əvəz olmalıdır. Aİ ölkələrinin səfirlərisə yenidən Ermənistanın "Avropa perspektivləri" haqda danışmağa başlayıblar. Yumşaq desək, sanki Ermənistanın etdiyi "sürpriz" yaddan çıxıb. Bəs, avropalı diplomatların İrəvana izahı çətin olan bu meylinin sirri nədədir?
Məsələ çox sadədir. Müasir diplomatiyada incikliyin açıq şəkildə ifadəsi qəbul olunmur. Yəni heç kim heç kəsə açıq şəkildə "sizinlə əməkdaşlıq mümkün deyil!" demir.
Ayrı-ayrı avropalı məmurlar erməni siyasətçilərinin Avropadan olan tərəfdaşları barmaqlarına doladıqlarını etiraf etmək də istəmirlər. Nəhayət, Aİ istənilən halda Ermənistanla hansısa razılaşmaya getməlidir - məsələn, viza, vergi, təhsil sahəsində əməkdaşlıq haqda... Ermənistan da, Belarus kimi, Aİİ üzvü olmasına rəğmən, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olaraq qalır. Bu proqram Brüsselin Şərqdən olan yeni qonşuları ilə münasibətlər qurmaq platformasıdır. Proqram iştirakçılarının Avropaya inteqrasiya sahəsində nə qədər uzağa getmək istədiklərini isə onların özləri müəyyənləşdirir. Üstəlik, münaqişələri kəskinləşdirmək, sərt qiymətləndirmələr Avropanın müasir diplomatiyasına xas deyil. Beləliklə, İrəvanın artıq hazır sənədi imzalamaq fikrində olmadığını anlayan avropalı məmurlar müəyyən pauzadan sonra deyiblər: eybi yox, biz yeni sənəd hazırlayarıq. Yeni sənədin "çərçivə razılaşması" kimi gurultulu ad daşıması insanlarda ciddi təəssürat yarada bilər, lakin əslində o, Ermənistan üçün heç bir ciddi imtiyaz nəzərdə tutmur. Bundan başqa, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski artıq bildirib ki, əməkdaşlığın həcmini və formatını İrəvanın özü müəyyənləşdirməlidir.
Bir sözlə, danışıqlar sıfırdan başlayır. Bununla yanaşı, Brüsseldə bir şeyi yaxşı bilirlər: bu format nəzəri baxımdan belə, çox uzağa gedə bilməz. Onlar 2013-cü ilədək çox ümidli idilər. İndisə Ermənistandan Avropaya real inteqrasiyanı gözləməyin mümkün olmadığını dərk edirlər. Odur ki, Avrobürokratiya öz uğursuzluğunu üzə vurmamağa çalışır.
İrəvanın da öz niyyəti var. Deyəsən, onlar yenə də Vilnüs sammiti ərəfəsində oynadıqları tamaşanı təkrarlamağı düşünürlər. Ermənilər ruslara mesaj göndərirlər: Rusiya daha ciddi maliyyə dəstəyi göstərməzsə, İrəvan yenidən Avropaya üz tuta bilər. Bununla yanaşı, onlar Brüsselə də müəyyən siqnal göndərirlər: Avropa Ermənistana... məsələn, kredit və ya investisiyalar verməzsə, o, yenə fikrini dəyişə bilər. Reallıqda isə bu siyasi manevrlərin qərarların qəbulu ilə məşğul olanlara təsir edəcəyinə inanmaq mümkün deyil.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35