Azərbaycan

Yanvarın 18-də Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib. Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Şuranın 2015-ci ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. O, ağsaqqalların, yaşlı və ahıl insanların ölkənin ictimai, mədəni həyatında, eləcə də dövlət idarəetmə sistemindəki fəal rolundan söz açıb.
Fəttah Heydərov dünyada hökm sürən iqtisadi böhran şəraitində ölkədə əldə olunan uğurlardan, sosial, iqtisadi, mədəni, ictimai həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edib.
Şuranın sədr müavini Bayram Yusifov qurumun ötən il gördüyü işlər barədə hesabatla çıxış edib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, dünyada gedən qlobal proseslər Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın tərkib hissəsidir. Təbii ki, beynəlxalq aləmdə baş verən böhranın təsiri Azərbaycanda da hiss olunur.
Şöbə müdirinin müavini bildirib ki, Azərbaycan dövləti ötən əsrin 90-cı illərində olduğundan qat-qat güclüdür. Böhran təzahürlərinin aradan qaldırılması üçün dövlət tədbirlər görür.
"Sadəcə, bizi narahat edən məsələ odur ki, Azərbaycandakı inkişafı və sabitliyi gözü götürməyən bəzi xarici dairələr aranı qarışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycandakı "beşinci kolon" da onların dəyirmanına su tökməklə xalqı çaşdırmaq, hüquqazidd əməllərə yol verməklə qarışıqlıq salmaq istəyir, yaranmış çətinliklərdən istifadə etməyə çalışırlar. Ziyalılar, ağsaqqallar bu məqamda öz kəsərli sözlərini deməlidirlər".