"Bank
"6 milyon 600 min əmanətçinin hamısının əmanətləri tam sığortalanacaq". Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib. Baş bankir bildirib ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi yeni qanunvericilik aktıdır.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur.

"2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib. Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik.
Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sekrorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq. Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləti tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır. Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq".

İqtisadiyyat və sənaye naziri Sahin Mustafayev isə bildirib ki, bu sənəd Azərbaycan insanın, Azərbaycan əmanətçilərinin hüquqlarının qorumasını nəzərdə tutan bir sənəddir: "Bu, belə də qiymətləndirilməlidir. Bu, irəliyə doğru atılmış çox mühüm addımdır".

E.Rüstəmov deyib ki, fevralın 1-dən Azərbaycanda əmənatlər üzrə dividentlərin vergidən azad edilməsi təklif edilir.

Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin əmanətlərinin ümumi həcmi 9,3 milyard manat təşkil edir ki, bu əmanətlər üzrə dividentlər isə 93 milyona çatır.