Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatacaq.
Unikal.org-un Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunacaq.
Avropa çempionumuz Nataliya Sinişin özünü doğrultmağa çalışacaq. Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan milliləşdirilmiş legionerimiz özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayacaq.
Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edəcək. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gələcək. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma saat 17:00-da başlanacaq. Təmsilçimizin qalib gəlmək şansı az olsa da, rəqibin finala yüksələcəyini və Sinişinin yolunu açacağını proqnozlaşdırmaq olar.
Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq Olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazansa da, 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.