Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha 2 dəst medal öz sahibini tapacaq. Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının idmançıları hər 2 çəki dərəcəsində medal sayımızı artırmağa çalışacaqlar.

Kişilər

80 kq

Bu çəki dərəcəsində Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Avropa Oyunlarının qızıl medalçısının ilk rəqibi malili İsmael Koulibali olub. Harçeqaninin son 2 dünya çempionatının finalçısı ilə döyüşü qələbə ilə başa vurub. İlk hissədən üstünlüyü ələ alan təmsilçimiz afrikalını 13:5 hesabı ilə məğlub edib. Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.

Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.



Qadınlar

67 kq

Bu çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizovanın da ilk döyüşü 1/8 finala təsadüf edib. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayıb. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması gərgin alınıb. Belə ki, ilk xalı Fəridə alsa da, ardınca geri düşüb - 1:4. Lakin məşqçilərin lazımı tapşırığı ilə Əzizova nəinki bu fərqi aradan qaldırıb, hətta 6:5 hesabı ilə qələbə qazanıb.

Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb.Hətta ilkxalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.


Fəridə Əzizova yarımfinal görüşünə çıxıb. 67 kq. çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançının rəqibi cənubi koreyalı Hyeri Oh olub. İlk hissədə Əzizova 1:0 hesabı ilə önə keçsə də, ikinci hissədə Hyeri 2 xal qazanaraq, hesabda irəli çıxıb. Həlledici raundda isə tərəflər hərəyə 4 xal qazanıblar.

Beləliklə, Fəridə Əzizova da finala yüksələ bilməyib. O, təsəlliverici görüşdə qalib gəlsə, bürünc medal qazanacaq.

Qeyd edək ki, Rioya tam heyətlə yollanan taekvondo komandamızın heyətində hələlik Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə sabah mübarizəyə qoşulacaq.