Rio Olimpiadasında sərbəst güləş üzrə bürünc medal qazanmış Hacı Əliyev (57 kq) görüş başa çatdıqdan sonra müsahibə verib. Unikal.org xəbər verir ki, bürünc medalçımız Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın suallarını cavablandırıb.

- Sən qızıl qazanacaq qədər güclü idmançısan. Ancaq alınmır. Sanki güləşçilər tilsimə düşüblər. Bəlkə sən deyəsən, nədi bunun səbəbi?

- Tilsim deməzdim. Olimpiya Oyunları elə bir yarışdı ki, burda güclü yox, şansı olan və ağıl işlədən qalib gəlir. Çünki güclü idmançılar uduzdular ki, adam təəccüb edir. Məsələn, mən gürcü idmançıya uduzmağı heç gözləmirdim. Xalçada tutaşanda düşünürdüm ki, uda bilərəm bunu. Ancaq şanssızlıq imkan vermədi. Olimpiadada sürpriz nəticələr olur, məsələn, gözləmirdik ki, yapon güləşçi finala kimi irəliləyə bilər. Həm də bilirsiniz ki, mən 12 kq çəki salmışam, bu da təsir edir. Həmişə 69 kq oluram, 61 kq-da güləşirəm. Demək olar ki, həyatımı da riskə atdım. Çəki ilə bağlı son günlərdə problem oldu. Əsas odu ki, medalsız qalmadıq.

- Deyirsən ki, gürcü güləşçini uda bilərdin. Bəs səhv nədə oldu?

- Səhv yox, uğursuzluq deyərdim. Yorulmadım da, deyim ki, yorğunluq təsir etdi. Son anda vaxt çatmadı.

- Bura gəlməmişdən qabaq hər kəs güləşçilərdən ən az iki qızıl medal gözləyirdi. Ancaq pəhləvanlarımızın əsasən "bürünclə kifayətlənməsi insanlarda da əks fikirlər yaradıb. Sanki zəifləyin idmançılarımız...

- Yox, zəifləməyib idmançılarımız. Sadəcə alınmır. Mən sabah Şərif Şərifovdan qızıl medal gözləyirəm. Toğrulla Xetaq da qızıl qazanacaqlar. Bunlar o pilləyə həqiqətən də layiqdilər. Neçə aylardı evə də getmirik, əziyyət çəkirik, hər bir idmançı elədi burda.

- Sonuncu, "bürünc üçün həlledici görüşdə hiss olunurdu ki, yorğunsan. O da məlumdu, təsəlliverici görüşə görə olub. Ancaq əzmkarlıq göstərib qalib gəldin. Bu qələbədə əsas nə rol oynadı? Ustalıq, ya əzmkarlıq?

- İnanırsız, ikinci hissədə artıq çox yorulmuşdum. Ancaq bu idmançıya 3-4 dəfə qalib gəlmişəm. Son dəqiqələrdə düşünürdüm ki, bu qədər bunu udmuşam, burda uduzmaq olmaz. Hiss edirdim ki, aldadıb axırda uda bilərəm.